Bakı. Trend:
Azərbaycanda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,1 faiz bəndi azalaraq 25,7 faizə düşüb. Qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə eyni dövrdə 5,7 faiz bəndi azalaraq 54,6 faiz təşkil edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, valyuta bazarında tələb və təklifin dinamikasında fərqli mənzərə müşahidə olunur. Belə ki, qeyri-nağd valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir, nağd valyuta bazarında isə əks vəziyyət qeydə alınır.
“Qeyri-nağd valyuta bazarında il ərzində orta hesabla 70 milyon dollar təklif olduğu halda, tələb cəmi 15 milyon dollar təşkil edib”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, oktyabr ayında keçirilən yeddi valyuta hərracının beşində ümumiyyətlə tələb qeydə alınmayıb. Digər iki hərracda isə ümumi tələb cəmi 4,5 milyon dollar olub.
O, nağd valyuta bazarında vəziyyətin fərqli olduğunu vurğulayıb: “Nağd bazara gəldikdə isə tələb təklifi 759 milyon dollar üstələyib. Bu da kifayət qədər böyük rəqəmdir”.
T.Kazımov qeyd edib ki, valyuta bazarındakı mövcud vəziyyət və bank sektorunda dedollarizasiya prosesinin davam etməsi əmanətlərin strukturunda da özünü göstərir.
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,1 faiz bəndi azalaraq 25,7 faizə düşüb. Xüsusilə qeyd etmək istəyirəm ki, qeyri-rezidentlərin əmanətlərində də dedollarizasiya prosesi davam edir. Son 12 ayda qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 5,7 faiz bəndi azalaraq 54,6 faizə çatıb”, – deyə AMB sədri bildirib.
