Bakı.Trend:
BMT Azərbaycanın iqlim öhdəliklərinin həyata keçirilməsinə və "yaşıl enerji"nin inkişafına dəstək verəcək.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan iqlim öhdəliklərindən onların praktiki icrasına keçməli, bərpa olunan enerji mənbələrinin inkişafına, enerji səmərəliliyinin artırılmasına, enerji şəbəkələrinin modernləşdirilməsinə və emissiyaların azaldılmasına xüsusi diqqət yetirməlidir.
Onun sözlərinə görə, enerji sektoru ölkə iqtisadiyyatında mərkəzi yer tutur və buna görə də irəliləyişə nail olmaq üçün kompleks yanaşma tələb olunur. Bu yanaşma bərpa olunan enerjinin inkişafını, təmiz texnologiyaların tətbiqini, metan və digər çirkləndirici maddələrin emissiyalarının azaldılmasını, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.
“Azərbaycanda bu istiqamətdə gələcək irəliləyiş üçün artıq təməl formalaşıb. Ölkənin 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri təmiz ətraf mühitin yaradılmasını və "yaşıl iqtisadiyyat"ın inkişafını nəzərdə tutur.
Bundan əlavə, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) dəstəyi ilə hazırlanmış 7-ci DİM üzrə Yol Xəritəsi 2035-ci ilədək təmiz enerjinin inkişafı, enerji səmərəliliyinin artırılması və "yaşıl enerji" sahəsində regional inteqrasiya üzrə strateji istiqamətləri müəyyən edir.
Enerji keçidi ədalətli, inklüziv və insanların maraqlarına yönəlmiş olmalıdır. Karbonsuzlaşdırma layiqli iş yerlərinin yaradılmasına, yeni bacarıqların inkişafına, innovasiyaların təşviqinə və rəqabət qabiliyyətinin artırılmasına töhfə verməli, eyni zamanda dayanıqlı iqtisadi artımın üstünlüklərinin regionlar və icmalar arasında bərabər bölüşdürülməsini təmin etməlidir”, - deyə o bildirib.
Şlapaçenko əlavə edib ki, BMT 2026–2030-cu illər üzrə BMT ilə Azərbaycan hökuməti arasında Əməkdaşlıq üzrə Çərçivə Proqramı çərçivəsində bu işə dəstəyini davam etdirəcək.
Proqramın ikinci prioritetinə əsasən, 2030-cu ilədək Azərbaycan əhalisi "yaşıl artım"ın, ədalətli enerji keçidinin, ekosistemlərin gücləndirilməsinin və iqlim dayanıqlığının artırılmasının faydalarından yararlanmalıdır.
Qeyd edək ki, Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin mövzusu “Azərbaycanda milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsinin sürətləndirilməsi: dayanıqlı inkişaf naminə enerji sektorunun karbonsuzlaşdırılmasına dəstək”dir.
Dialoq çərçivəsində Azərbaycanın milli iqlim öhdəliklərinin yerinə yetirilməsi, enerji sektorunun ekoloji transformasiyası, bərpa olunan enerji mənbələrinin inkişafı, eləcə də bu sahədə investisiya imkanları müzakirə olunur.