Bakı. Trend:
Qətər Məkkə Konvensiyasının üzv dövlətlərin səlahiyyətli qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi, korrupsiya cinayətlərinin təqibi və aktivlərin geri qaytarılması baxımından əhəmiyyətini vurğulayır.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri çərşənbə günü Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının prezidenti Həməd bin Nasser Əl-Misnəd Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə səsləndirib.
O, görüşə ev sahibliyi etdiyinə, səmimi qəbula və yüksək təşkilatçılığa görə Azərbaycana, üzv dövlətlər arasında əməkdaşlığın dəstəklənməsi istiqamətində səylərinə görə isə İƏT-in Baş Katibliyinə təşəkkür edib.
Həməd bin Nasser Əl-Misnəd bildirib ki, Qətər 2024-cü ilin noyabrında Dohada keçirilmiş ikinci nazirlər görüşünə ev sahibliyi edib və sədrlik göstərib. Həmin görüş aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə və Məkkə Konvensiyasını imzalayan ölkələrin sayının artmasına töhfə verib.
“Doha görüşündə 21 dövlət konvensiyanı imzalayıb və bununla da həmin vaxt sənədi imzalayan ölkələrin ümumi sayı 24-ə çatıb. Bu öhdəliyin davamı olaraq Qətər bu yaxınlarda konvensiyanı ratifikasiya edib. Sənədin mümkün qədər tez qüvvəyə minməsi üçün üzv dövlətlərin imzalama və ratifikasiya prosedurlarını tamamlamasını gözləyirik”, – deyə o qeyd edib.
Qətər rəsmisi vurğulayıb ki, görüş dövlətlərin resurslarını tükəndirən, onların institutlarına və inkişaf prosesinə təsir göstərən mürəkkəb siyasi və təhlükəsizlik şəraitində keçirilir. Bu isə milli resursların qorunmasının və transsərhəd korrupsiya cinayətlərinə qarşı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini artırır.
“Qətər dövlətlərin suverenliyinə hörmət edilməsinin, mübahisələrin sülh yolu ilə həllinin, qanunun aliliyinin möhkəmləndirilməsinin və cəzasızlığa qarşı mübarizənin zəruriliyini vurğulayır”, – deyə Həməd bin Nasser Əl-Misnəd bildirib.
O, ölkəsinin milli və beynəlxalq səyləri çərçivəsində 2025–2030-cu illər üçün dürüstlüyün və şəffaflığın gücləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə milli strategiyanı həyata keçirməyə başladığını diqqətə çatdırıb. Qətərin 2025-ci ilin dekabrında BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına üzv dövlətlərin Konfransının 11-ci sessiyasına, 2026-cı ilin sentyabrında isə Korrupsiyaya qarşı Ərəb Konvensiyasına üzv dövlətlərin Konfransının altıncı sessiyasına ev sahibliyi etdiyini qeyd edib.
Həməd bin Nasser Əl-Misnəd Məkkə Konvensiyasının müvafiq hüquqi çərçivələrə uyğun olaraq səlahiyyətli qurumlar arasında əməkdaşlığın və məlumat mübadiləsinin genişləndirilməsi, korrupsiya cinayətlərinin təqibi və aktivlərin geri qaytarılmasına dəstək baxımından mühüm mexanizm olduğunu bildirib.
“Qətərin sədrlik müddətini başa vurarkən üzv dövlətlərə və Baş Katibliyə əməkdaşlığa görə təşəkkür edirik. Əminik ki, qardaş Azərbaycan Respublikası ölkələrimizə və xalqlarımıza xidmət edən praktiki nəticələrin əldə olunması istiqamətində bu prosesə rəhbərliyi uğurla davam etdirəcək”, – deyə o əlavə edib.