Bakı. Trend:
Xəzəryanı dövlətlərin nümayəndələrinin Xəzər dənizində dəniz elmi tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi üzrə növbəti danışıqlar raundu Aşqabadda başlayıb.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin bu gün yaydığı press-relizdə bildirilib.
Nazirliyin məlumatına görə, iclas oktyabrın 27-də Xəzər Dənizi İnstitutunda açılıb. İştirakçıların əsas diqqəti Xəzəryanı dövlətlərin hökumətləri arasında dəniz elmi tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş layihəsinə yönəlib.
“Bu sənəd Türkmənistan xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2018-ci il avqustun 12-də Aktau şəhərində keçirilən Beşinci Xəzər Sammitində irəli sürdüyü təşəbbüsə uyğun olaraq hazırlanır. Həmin vaxt Türkmənistan lideri Xəzərdə birgə elmi tədqiqatlar üçün sistemli əsas yaradacaq ayrıca beştərəfli sazişin hazırlanmasını təklif edib”, – məlumatda qeyd olunub.
Əvvəlki danışıqlar raundları Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı ümumi yanaşmaların işlənib hazırlanmasında maraqlı olduğunu təsdiqləyib. Gözlənilir ki, hazırkı iclas sənəd layihəsinin razılaşdırılmamış qalan müddəalarının uzlaşdırılmasında irəliləyişə imkan verəcək.
Nümayəndələrin işi 2026-cı il oktyabrın 28-dək davam edəcək.
Qeyd edək ki, dəniz elmi tədqiqatları sahəsində əməkdaşlıq beş Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın Xəzər dənizindən istifadənin və onun mühafizəsinin əlaqələndirilməsi istiqamətində daha genişmiqyaslı səylərinin bir hissəsidir.
Ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın hüquqi əsasını 2003-cü ildə imzalanmış və 2006-cı ildə qüvvəyə minmiş Tehran Konvensiyası təşkil edir. Konvensiya çirklənməyə qarşı mübarizə, biomüxtəlifliyin qorunması və ekoloji monitorinq üzrə birgə tədbirləri nəzərdə tutur. Dəniz elmi tədqiqatları haqqında ayrıca saziş bu sahədə qarşılıqlı fəaliyyət üçün daha ixtisaslaşmış hüquqi çərçivə yaradacaq.
Xəzər dənizində su səviyyəsinin uzun müddət ərzində azalması və bunun ekosistemlərə, balıqçılığa, gəmiçiliyə, turizmə və sahilyanı infrastruktura təsirləri də daxil olmaqla, ekoloji və iqtisadi problemlər fonunda elmi tədqiqatların əlaqələndirilməsinə ehtiyac artır.
2024-cü ilin noyabrında Bakıda qəbul edilmiş bəyannamədə beş dövlətin nümayəndələri elmi tədqiqatlara və dayanıqlı idarəetmə prinsiplərinə əsaslanan razılaşdırılmış regional tədbirlərin həyata keçirilməsinə çağırıblar.