Bakı. Trend:
IE Universiteti Azərbaycanda sahibkarlıq mədəniyyətinin inkişafına, innovativ şirkətlərin yaradılmasına və ölkənin potensialının beynəlxalq miqyasda reallaşdırılmasına töhfə verməyi hədəfləyir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu IE Universitetinin icraçı prezidenti Santiaqo İnyiges de Onzonyo (Santiago Iñiguez de Onzoño) IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, Bakıda yeni mərkəzin yaradılması ideyası ötən il ərzində aparılan müzakirələr və tərəfdaşların ortaq baxışı əsasında formalaşıb. Azərbaycanın sahibkarlığın inkişafı üçün böyük potensiala malik olduğunu vurğulayan universitet rəhbəri ölkədə fəal sahibkarlıq mədəniyyətinin formalaşdırılması üçün əlverişli imkanların mövcudluğunu qeyd edib.
“Biz bu təşəbbüsdə də təxirəsalınmazlıq hissini görürük. İstəyirik ki, növbəti 5-10 il ərzində Bakıda, Mərkəzi Asiyada və dünyanın digər yerlərində daha çox sahibkarın yeni şirkətlər yaratdığının şahidi olaq”, – deyə o bildirib.
Santiaqo İnyiges de Onzonyo qeyd edib ki, müxtəlif təşəbbüsləri təhsil vasitəsilə əlaqələndirmək və ortaq məqsəd ətrafında birləşdirmək bu layihənin əsas ideyalarından biridir.
Universitetin inkişaf tarixindən danışan icraçı prezident bildirib ki, dünyanın aparıcı ali təhsil müəssisələri ilə rəqabət aparmaq əvvəldən cəsarətli yanaşma tələb edib. Onun sözlərinə görə, IE Universiteti qısa müddətdə nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmək üçün fərqli düşünməyi, ənənəvi yanaşmalardan kənara çıxmağı və yenilikçi olmağı əsas prinsip kimi qəbul edib.
O, bu yanaşmanın sahibkarlara da aşılandığını vurğulayıb: yetkin sənaye sahələrinə daxil olan sahibkarlar mövcud modelləri təkrarlamaqla kifayətlənməməli, yeni imkanlar yaratmaq üçün qeyri-standart düşünməlidirlər.
“Biz sahibkarlıq, innovasiya, təhsilin insan həyatını dəyişdirmək gücü və texnologiyanın üstünlüklərinə inam kimi dəyərlərimizi Bakıda, Azərbaycanda və daha geniş coğrafiyada yaymaq istəyirik”, – deyə o bildirib.
İcraçı prezident Bakıda birgə MBA proqramının məzunları ilə görüşün də müsbət təəssürat yaratdığını söyləyib. Onun sözlərinə görə, məzunların öz təşkilatlarında dəyişikliklərə nail olmaq istəyi və bu istiqamətdəki təşəbbüskarlığı diqqət çəkib.
O, həmçinin universitet rəhbərliyi və tələbələrlə görüşdüyünü, süni intellektin müxtəlif sənaye sahələrinə təsirinə dair interaktiv müzakirə apardığını bildirib.
“Bu gün səhərki səfərimiz zamanı gördüyümüz ən mühüm məqamlardan biri ölkədə böyük potensiala malik istedadlı insanların olması idi. Bu potensial düzgün səfərbər olunarsa, əhəmiyyətli əlavə dəyər yarada, yeni startapların və şirkətlərin meydana çıxmasına, iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər”, – deyə Santiaqo İnyiges de Onzonyo qeyd edib.
O əlavə edib ki, IE Universitetinin beynəlxalq fəaliyyəti İspaniyadakı əsas kampusla məhdudlaşmır. Universitet bir neçə il əvvəl Nyu-Yorkda da fəaliyyətə başlayıb, Ər-Riyadda rəhbərlik və innovasiya mərkəzlərinə malikdir. Bundan başqa, yaxın zamanda Berkli Universitetinin daxilində innovasiya mərkəzinin açılması planlaşdırılır.
Santiaqo İnyiges de Onzonyonun sözlərinə görə, Bakıda yaradılan IE Liderlik və İnnovasiya Mərkəzi də beynəlxalq təcrübənin yerli potensialla birləşdirilməsi, sahibkarlığın təşviqi və innovasiya imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynaya bilər.