Bakı. Trend:
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili Ukraynada yeni məhkəmə prosesi ilə üzləşib.
Ukrayna mediasının məlumatına görə, onun keçmiş sevgilisi, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaşko alimentin tutulması və Saakaşvilinin valideynlik hüquqlarından məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Yaşko üç yaşlı qızı Jasminin saxlanılması üçün Saakaşvilinin gəlirlərinin üçdə birinin tutulmasını tələb edir.
Cütlük münasibətlərini 2021-ci ildə ictimaiyyətə açıqlayıb. 2023-cü ildə onların qızı dünyaya gəlib.
Saakaşvili sosial şəbəkədə paylaşdığı, sonradan sildiyi açıqlamasında qızını sevdiyini, lakin həbsdə olduğu üçün onunla şəxsən görüşə bilmədiyini bildirib. O, anasının nəvəsinə maddi dəstək göstərdiyini də qeyd edib.
Məlumata görə, iş üzrə məhkəmə prosesi 2026-cı ilin aprelindən davam edir. Ukrayna məhkəməsi əvvəlcə Saakaşvilinin rəsmi yaşayış ünvanını müəyyən edə bilmədiyi üçün alimentin tutulmasına dair məhkəmə əmri verməkdən imtina edib.
İş üzrə növbəti iclasın noyabrın 30-da keçirilməsi gözlənilir. Hələlik yekun qərar qəbul edilməyib.