Bakı.Trend:
Yaponiya və Almaniya termonüvə sintezi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“Nikkei” qəzetinin məlumatına görə, bununla bağlı razılaşma Almaniya kansleri Fridrix Mertsin oktyabrın 28-29-da Yaponiyaya planlaşdırılan səfəri zamanı əldə oluna bilər.
Gözlənilir ki, əməkdaşlıqda ilk növbədə Yaponiyanın "Kyoto Fusioneering" və "Mitsui" şirkətləri, eləcə də Almaniyanın "Siemens Energy" şirkəti iştirak edəcək. Şirkətlər termonüvə reaktorlarının hasil etdiyi istiliyin elektrik enerjisinə çevrilməsi texnologiyası üzərində çalışacaqlar. "Kyoto Fusioneering" Almaniyanın "Proxima Fusion" şirkəti ilə birlikdə nüvə sintezi üçün yanacaq dövriyyəsi texnologiyalarının və qirotronların hazırlanması ilə də məşğul olacaq.
“Nikkei”nin yazdığına görə, Mertsin Yaponiyaya səfəri zamanı onu 30-a yaxın Almaniya şirkətinin nümayəndəsi müşayiət edəcək. Tərəflər həmçinin pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik, süni intellekt və aerokosmik sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər.