Bakı. Trend:
Avropa İnvestisiya Bankı (AİB) “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsini dəstəkləyir, lakin onun maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunması üçün xərclərin, faydaların və risklərin iştirakçı ölkələr arasında bölüşdürülməsi, eləcə də texniki məsələlər dəqiqləşdirilməlidir.
Bu barədə AİB-in bölmə rəhbəri Violaine Silvestro Von Kameke Azərbaycanın Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda bildirib. O, Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumunda layihənin perspektivləri barədə fikirlərini bölüşüb.
“Avropa İnvestisiya Bankı olaraq, layihənin hazırlanması prosesində əldə olunan irəliləyişlərlə tanış olmaq imkanı verən bu konfransda iştirak etməkdən məmnunuq. Biz layihəni fəal şəkildə dəstəkləyirik. Yaxın gələcəkdə texniki-iqtisadi əsaslandırmanın nəticələri əsasında konkret qərarların qəbul ediləcəyini, daha sonra isə maliyyələşdirmə mərhələsinə keçiləcəyini gözləyirik”, – o bildirib.
AİB rəsmisi qeyd edib ki, bank bərpaolunan enerjinin inkişafına, regional inteqrasiyanın gücləndirilməsinə və təmiz enerjidən istifadənin genişləndirilməsinə xidmət edən layihələrə xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, bu cür təşəbbüslər Avropa İttifaqı (Aİ) ölkələrində elektrik enerjisinin daha əlverişli qiymətlərlə təmin olunmasına da töhfə verə bilər.
Bununla belə, Violaine Silvestro Von Kameke layihənin maliyyələşdirilməsi imkanlarının qiymətləndirilməsi üçün bir sıra məsələlərin aydınlaşdırılmalı olduğunu vurğulayıb.
“Belə genişmiqyaslı layihədə iştirak edəcək bütün ölkələr barədə daha ətraflı məlumat əldə etməliyik. Eyni zamanda xərclərin, əldə olunacaq faydaların və risklərin iştirakçı tərəflər arasında necə bölüşdürüləcəyini aydınlaşdırmaq vacibdir”, – o deyib.
AİB nümayəndəsi, həmçinin layihənin texniki layihələndirilməsi üzrə irəliləyişlər və onun həyata keçirilməsi ilə bağlı texniki xüsusiyyətlər barədə əlavə məlumat almaqda maraqlı olduqlarını bildirib.
Layihənin investisiya perspektivləri
Bakıda keçirilən forumda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub. Tədbirdə layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları, yeni tərəfdaşlıqların qurulması və yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq müzakirə edilib.
Layihənin texniki-iqtisadi əsaslandırmasına əsasən, elektrik enerjisinin ötürülməsi infrastrukturuna 14,3 milyard avro investisiya tələb olunur. Sənəd 2026-cı ilin iyulunda tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə işlənib hazırlanma mərhələsindədir.
Araşdırmaya görə, dəhlizin ümumi ötürmə gücü 3,9 giqavat (GVt) olacaq. Hər birinin gücü 1,3 GVt olan üç elektrik xəttinin yaradılması nəzərdə tutulur. Layihənin daxili gəlirlilik normasının (IRR) 11,7% səviyyəsində qiymətləndirildiyi bildirilir.
Proqnozlara əsasən, dəhliz 2032-ci ildən Avropa İttifaqına ildə 8 teravatt-saat (TVt-saat) bərpaolunan elektrik enerjisi ötürə biləcək. 2040-cı ildə bu göstəricinin 20 TVt-saata çatacağı gözlənilir.
Texniki-iqtisadi əsaslandırmada enerji sistemində ötürmə məhdudiyyətlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötəcəyi proqnozlaşdırılır. Layihənin 2040-cı ilədək karbon qazı emissiyalarını ildə 3,6 milyon ton azaltmağa imkan verəcəyi də qeyd olunur.
Elektrik xətlərinin mərhələli şəkildə istismara verilməsi ilə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Birinci xəttin 2032-ci ildə istifadəyə verilməsindən sonra bu göstəricinin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsindən sonra isə 1,8 milyard avro olacağı proqnozlaşdırılır. Üçüncü xəttin 2040-cı ildə istismara verilməsi ilə illik iqtisadi səmərənin 3 milyard avronu ötəcəyi gözlənilir.
Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov layihənin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanın yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi strategiyasında layihə xüsusi yer tutur. Onun sözlərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı təşəbbüsə siyasi dəstək bir daha ifadə olunub. Layihənin Avropa elektrik şəbəkəsinin inkişafı üzrə Onillik Şəbəkənin İnkişafı Planına (TYNDP) daxil edilməsi və Ortaq Maraqlar Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən işlərin də investisiya perspektivlərini gücləndirdiyi bildirilib.
Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. Layihənin regionda ən azı 8 GVt gücündə bərpaolunan enerji istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait yarada biləcəyi gözlənilir.
Qara dənizdə 2 200 metrədək dərinlikdə sualtı elektrik kabellərinin çəkilməsi layihənin əsas texniki çağırışlarından biridir. Bu səbəbdən mürəkkəb dəniz şəraitində işlərin aparılması üçün qabaqcıl texnoloji həllərin tətbiqi nəzərdə tutulur.
Layihənin kommersiya dayanıqlılığını təmin etmək məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin tətbiqi nəzərdən keçirilir. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması planlaşdırılır.
Pərviz Şahbazov beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib.
“Məqsədimiz ‘Yaşıl Enerji Dəhlizi’ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır”, – nazir qeyd edib.
Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və layihə üzrə yekun investisiya qərarının qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb.
Layihənin iştirakçıları
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Təşəbbüs 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində yaradılıb.
Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş Green Energy Corridor Power Company (GECO) birgə şirkəti məşğul olur. Şirkət dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsusdur. Azərbaycanı “AzərEnerji”, Gürcüstanı Georgian State Electrosystem, Rumıniyanı Transelectrica, Macarıstanı isə MVM təmsil edir. Hər bir iştirakçının şirkətdəki payı 25% təşkil edir.
Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Onillik Şəbəkənin İnkişafı Planına 1248 və 1244 nömrələri ilə daxil edilib.
Layihənin növbəti mərhələsində icra planının hazırlanması, maliyyələşdirmə imkanlarının dəqiqləşdirilməsi və 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.