Bakı. Trend:
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfər işğaldan azad edilmiş ərazilərin yenidən ölkə iqtisadiyyatına inteqrasiyası üçün hərtərəfli zəmin yaratdı. Bu çərçivədə Qubadlı şəhərinin və rayonunun azad edilməsi Zəngəzur dəhlizi boyunca strateji nəzarətin təmin olunmasında və Cənubi Qafqazda yeni kommunikasiya xətlərinin bərpasında həlledici dönüş nöqtəsinə çevrildi.
Milli Məclisin deputatı Kamal Cəfərov Trend-ə açıqlamasında Qubadlının azad olunmasının regionun iqtisadi potensialının reallaşdırılmasında böyük rol oynadığını bildirib:
“İşğal illərində böyük dağıntılara, ekoloji terrora və qanunsuz məskunlaşmaya məruz qalmış torpaqlarımızın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Vətən müharibəsinin gedişində müvafiq yüksəkliklərin nəzarətə götürülməsi ilə həyata keçirilən peşəkar hərbi əməliyyatlar zəfərimizi sürətləndirərək Ermənistanın uzun illər boyunca qurduğu hərbi istehkamları darmadağın etdi. Bu gün azad olunmuş ərazilərdə nəzarət infrastrukturunun qurulması təhlükəsizliyin və sərhədlərimizin toxunulmazlığının əsas zəmanətçisidir”.
Deputat vurğulayıb ki, azadlıqdan dərhal sonra başlayan genişmiqyaslı bərpa işləri Qubadlının iqtisadi və sosial baxımdan tamamilə yeni səviyyəyə yüksəlməsini şərtləndirir:
“Baş Plan çərçivəsində aparılan tikinti-bərpa işləri keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıdışını təmin edir. Regionun zəngin kənd təsərrüfatı, su ehtiyatları və mineral xammal potensialı Şərqi Zəngəzurun iqtisadi dayanıqlılığını möhkəmləndirir”.
Kamal Cəfərov əlavə edib ki, kommunikasiya xətlərinin çəkilməsi və müasir texnologiyaların tətbiqi işğaldan azad edilmiş torpaqların gələcək inkişaf modelini müəyyən edir:
“Ərazidə müasir enerji infrastrukturunun, o cümlədən internet xətlərinin paralel şəkildə çəkilməsi azad edilmiş torpaqların rəqəmsal transformasiyasını təmin edir. Bu, gələcəkdə həmin ərazilərdə qurulacaq sənaye, xidmət və kənd təsərrüfatı obyektlərinin rəqabətqabiliyyətliliyi üçün baza rolu oynayır. Sürətlə davam edən böyük quruculuq işləri dövlətimizin maliyyə-iqtisadi müstəqilliyinin və strateji planlaşdırma qabiliyyətinin göstəricisidir”.
