Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası sanksiya tətbiq edilmiş tankerlərin leqallaşdırılmasına və məhdudiyyətlərə məruz qalmayan neftin daşınmasına icazə verəcək.
"Bloomberg" agentliyinin məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt Nyu-Yorkda "Citadel Securities" şirkətinin təşkil etdiyi tədbirdə bildirib.
Raytın sözlərinə görə, hakimiyyət orqanları istismarda olmayan gəmiləri satın almağa, təmir etməyə və yenidən istismara qaytarmağa hazır olan investorlarla işləyir. Bununla belə, nazir vurğulayıb ki, söhbət sanksiyaların ləğvindən getmir. Tankerlər sadəcə sanksiyalara məruz qalan neftin daşınmasını dayandıracaqlar.
Raytın qiymətləndirməsinə görə, dünyada kölgə donanmasına təxminən 1 600 gəmi daxildir. Bu təşəbbüs qanuni fəaliyyət göstərən donanmaya onlarla, hətta yüzlərlə tankerin əlavə edilməsinə imkan verəcək.
Bloomberg qeyd edir ki, Hörmüz boğazında yaranan risklər fonunda dəniz daşımalarının qiyməti kəskin artıb. Hazırda iri tankerlərdən ibarət dünya donanmasının 40 faizindən çoxu Fars körfəzində və ya körfəzdən iki günədək məsafədə yerləşir.