Bakı.Trend:
Elektrikləşmənin sürətləndirilməsi, enerji infrastrukturunun modernləşdirilməsi, investisiyaların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi 2035-ci ilədək qlobal enerji keçidinin yeddi əsas prioriteti sırasındadır.
Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) saytında dərc olunan “Qlobal Enerji Keçidinə Baxış – 2026” hesabatında bildirilib.
Hesabata əsasən, qarşıdakı onillikdə əsas vəzifə yeni uzunmüddətli hədəflər müəyyənləşdirməkdən daha çox, artıq qəbul edilmiş öhdəliklərin praktiki şəkildə həyata keçirilməsindən ibarətdir.
IRENA-nın ilk prioriteti bərpaolunan enerjinin inkişafını, elektrikləşməni, infrastrukturun modernləşdirilməsini və investisiya fəaliyyətini əlaqələndirən kompleks planların və bazar mexanizmlərinin hazırlanmasıdır. Bu mexanizmlər investorlar üçün uzunmüddətli və proqnozlaşdırılan şərait yaratmalı, layihələrin həyata keçirilməsinə maneələri müəyyənləşdirərək aradan qaldırmağa kömək etməli və eyni zamanda bazar əsaslı qərarların qəbul edilməsi imkanlarını qoruyub saxlamalıdır.
İkinci istiqamət hər bir ölkənin xüsusiyyətləri nəzərə alınmaqla milli enerji keçidi üzrə yol xəritələrinin hazırlanmasını nəzərdə tutur. Bu yol xəritələri bərpaolunan enerji mənbələrinin inkişafı, elektrikləşmə, enerji səmərəliliyinin artırılması, ekoloji baxımdan dayanıqlı yanacaq növlərindən istifadə və qalıq yanacaqlardan ədalətli keçidin təmin edilməsi üzrə tədbirləri birləşdirməlidir.
Üçüncü prioritet enerji infrastrukturunun, ilk növbədə, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələrinin, enerji saxlanc sistemlərinin, enerji sisteminin çevikliyini təmin edən vasitələrin və rəqəmsal infrastrukturun genişləndirilməsi və modernləşdirilməsinə investisiyaların sürətləndirilməsidir. Eyni zamanda, enerji təchizatının etibarlılığına və çevikliyinə investisiyaları stimullaşdıracaq, səmərəli qiymət siqnallarını təmin edəcək bazar islahatlarının həyata keçirilməsi zəruridir.
Dördüncü istiqamət rəqabətqabiliyyətli təmiz enerji sahələrinin inkişafı üçün kompleks sənaye strategiyalarının hazırlanmasını nəzərdə tutur. IRENA bildirir ki, bu, milli və regional istehsal zəncirlərinin gücləndirilməsini, peşəkar bacarıqların inkişaf etdirilməsini və ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasını, eyni zamanda beynəlxalq bazarlara çıxışın və texnoloji tərəfdaşlığın qorunmasını əhatə edir.
Beşinci prioritet investisiyalar üçün sabit şəraitin yaradılması, kapitalın dəyərinin azaldılması və milli maliyyə bazarlarının inkişaf etdirilməsidir. IRENA-nın qiymətləndirməsinə görə, dövlət maliyyəsi strateji şəkildə bərpaolunan enerjinin, infrastrukturun, kadr hazırlığının və sənaye transformasiyasının dəstəklənməsinə yönəldilməli, xüsusilə inkişaf etməkdə olan ölkələrdə əlavə özəl kapitalın cəlb edilməsi üçün istifadə olunmalıdır.
Altıncı istiqamət enerji keçidinin sosial, iqtisadi və ekoloji faydalarının təmin edilməsi ilə bağlıdır. Bunun üçün əhali üçün enerjinin əlçatanlığının qorunması, sosial və ekoloji müdafiənin gücləndirilməsi, bərabər iqtisadi imkanların genişləndirilməsi və ictimaiyyətin qərar qəbuletmə proseslərinə cəlb olunması üzrə tədbirlər görülməlidir.
IRENA-nın yeddinci prioriteti texnologiyaların ötürülməsi, təchizat zəncirlərinin şaxələndirilməsi, regional sənaye tərəfdaşlığının inkişafı, Qlobal Cənub ölkələri arasında əməkdaşlıq, bilik mübadiləsi və əlverişli maliyyəyə çıxışın genişləndirilməsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Hesabatda son enerji istehlakının elektrikləşdirilməsinə xüsusi diqqət yetirilir. Agentliyin qiymətləndirməsinə görə, elektrikləşmə 2035-ci ilədək enerji keçidinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Bu, təmiz elektrik enerjisi istehsalının genişləndirilməsini nəqliyyat, tikinti və sənaye sektorlarında baş verən transformasiya ilə əlaqələndirməyə imkan verir.
IRENA qeyd edir ki, beynəlxalq səylər artıq bərpaolunan enerji güclərinin istifadəyə verilməsinin sürətləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına, elektrik şəbəkələrinin gücləndirilməsinə və ekoloji baxımdan dayanıqlı yanacaq növlərinin inkişafına yönəlib. Bununla belə, son enerji istehlakının transformasiyasına nisbətən daha az diqqət yetirilir.
“Elektrikləşmənin əsas prioritetlər sırasına daxil edilməsi mövcud beynəlxalq öhdəlikləri enerji sistemində praktiki dəyişikliklərlə əlaqələndirməyə, qalıq yanacaqlardan asılılığın azaldılmasını sürətləndirməyə və qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması məqsədinə uyğun trayektoriyaya qayıtmaq imkanını qorumağa imkan verəcək”, – deyə hesabatda bildirilir.