Bakı.Trend:
Qarşıdan gələn qışın ən soyuq dövrlərində mayeləşdirilmiş təbii qaz (LNG) partiyaları uğrunda Avropa ilə Asiya arasında rəqabət güclənəcək.
Bu barədə "Oksford" Enerji Araşdırmaları İnstitutunun (OIES) qaz bazarına dair rüblük icmalında bildirilir.
Qeyd olunur ki, 2026-cı ilin üçüncü rübündə Avropada təbii qazın ümumi təklifi 62,2 milyard kubmetr təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5 faiz azdır.
Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə Avropada qazın ümumi təklifi 62,5 milyard kubmetr, 2024-cü ilin eyni dövründə isə 64,2 milyard kubmetr olub. Beləliklə, illik müqayisədə göstərici 0,3 milyard kubmetr, 2024-cü ilin üçüncü rübü ilə müqayisədə isə 2 milyard kubmetr və ya 3,1 faiz azalıb.
OIES-in məlumatına görə, 2026-cı ilin üçüncü rübünün heç bir günündə Avropada gündəlik qaz təklifi 2017–2024-cü illər üzrə orta səviyyəni üstələməyib. Göstəricidə nəzərəçarpan artım iyunun ikinci yarısında müşahidə olunub, sentyabrın sonunda isə əhəmiyyətli azalma qeydə alınıb.
İnstitut bildirir ki, hesabat dövründə qaz təklifinin dinamikasına təsir edən əsas amillər qaz anbarlarına vurulan qazın həcminin 1,6 milyard kubmetr, Ukrayna və Mərakeşə təkrar ixracın isə 2,1 milyard kubmetr azalması olub. Bu dəyişikliklər qaz nəqli sisteminə LNG tədarükünün 4,2 milyard kubmetr azalmasının təsirini böyük ölçüdə kompensasiya edib.
İnstitutun qiymətləndirməsinə görə, qarşıdakı dövrdə qaz bazarında Yaxın Şərqdən LNG tədarükünün azalması, Avropa İttifaqının Rusiya mənşəli LNG idxalına qadağasının 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi, eləcə də qışın ən soyuq dövrlərində LNG partiyaları uğrunda Avropa ilə Asiya arasında rəqabətin güclənməsi ilə bağlı risklər qalacaq.
Bundan əlavə, qış aylarında Avropa qaz anbarlarından qazın götürülməsi dinamikası bazar üçün mühüm amil olaraq qalacaq. Bu göstərici qiymətlərin qısamüddətli dəyişmələrinə təsir edəcək və 2027-ci ilin yayında ehtiyatların artırılması üçün Avropanın əlavə LNG tədarükünə olan tələbatı qiymətləndirməyə imkan verəcək.