Ağdam. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı Ağdam rayonuna mediatur təşkil edib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, oktyabrın 16-da keçirilən mediatur FHN-in İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Mediatur çərçivəsində jurnalistlərə bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində əməliyyatları intensiv şəkildə davam etdirir.
Vətən müharibəsindən sonra ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə digər aidiyyəti qurumlarla yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub. Əməliyyatlar müəyyən edilmiş istiqamətlər üzrə kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, eləcə də su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində minatəmizləmə işləri davam etdirilir.
Qeyd olunub ki, minatəmizləmə əməliyyatlarına cəlb edilən şəxsi heyət müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı məsafədən idarə olunan minatəmizləyən robotlarla təchiz edilib. Əməkdaşlar müvafiq ixtisasartırma kurslarında iştirak edib və akkreditasiyadan keçiblər.
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri ilə yanaşı, bərpa və quruculuq tədbirləri də davam etdirilir, sakinlərin doğma yurdlarına qayıdışı həyata keçirilir.
FHN bölgəyə səfər edən və orada daimi yaşayan vətəndaşları, eləcə də quruculuq işlərində iştirak edən şəxsləri mina təhlükəsinə qarşı diqqətli olmağa çağırıb. Nazirlik minadan təmizlənməmiş ərazilərə daxil olmamağı, yalnız müəyyən edilmiş və mina təhlükəsindən təmizlənmiş yollardan istifadə etməyi, xüsusi nişanlarla işarələnmiş zolaqlardan kənara çıxmamağı tövsiyə edib.
Bildirilib ki, bu qaydaların pozulması insan həyatı üçün ciddi təhlükə yaradır.
Vətəndaşlardan mina, partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyalar və ya ərazinin minalı olduğunu göstərən hər hansı əlamət aşkar etdikdə onlara toxunmamaları və dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat vermələri xahiş olunub.




