Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə dövlət büdcəsinə daxilolmaların yaxın illərdəki həcmi açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənəddə 2027-2030-cu illər üzrə dövlət büdcəsinin neft gəlirlərinin formalaşmasında əsas mənbələrdən biri olan xam neft gəlirləri ilə bağlı proqnozlar təqdim edilib. Belə ki, dövlət büdcəsinə neft gəlirlərinin 2027-ci ildə 3 milyard 580 milyon manat, 2028-ci ildə 3 milyard 140 milyon manat, 2029-cu ildə 3 milyard 10 milyon manat, 2030-cu ildə isə 2 milyard 890 milyon manat olacağı proqnozlaşdırılır.
Proqnoza əsasən, ARDNŞ-dən dövlət büdcəsinə daxilolmalar 2027-ci ildə 1 milyard 840 milyon manat təşkil edəcək. Bu göstəricinin 2028-ci ildə 1 milyard 820 milyon manat, 2029-cu ildə 1 milyard 830 milyon manat, 2030-cu ildə isə 1 milyard 850 milyon manat olacağı gözlənilir.
Eyni zamanda, AÇG layihəsi üzrə hasilatın pay bölgüsü sazişindən (HPBS) mənfəət vergisinin dövlət büdcəsinə daxilolmalarının 2027 və 2028-ci illərdə 320 milyon manat olması proqnozlaşdırılır. Bu göstəricinin 2029-cu ildə 330 milyon manata, 2030-cu ildə isə 340 milyon manata yüksələcəyi gözlənilir.
“Şahdəniz” layihəsi üzrə HPBS-dən mənfəət vergisi üzrə isə növbəti illərdə azalma proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə bu mənbədən dövlət büdcəsinə 1 milyard 420 milyon manat daxilolma nəzərdə tutulur. Göstəricinin 2028-ci ildə 1 milyard manat, 2029-cu ildə 850 milyon manat, 2030-cu ildə isə 700 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Beləliklə, təqdim olunan göstəricilərdən görünür ki, 2027–2030-cu illərdə ARDNŞ-dən daxilolmaların nisbətən sabit qalacağı, AÇG üzrə mənfəət vergisi daxilolmalarının isə tədricən artacağı gözlənilir. “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi daxilolmalarında isə daha nəzərəçarpan azalma proqnozlaşdırılıb.
Ümumilikdə, neft gəlirlərinin 2027-ci ildə 3,58 milyard manat səviyyəsində olacağı, sonrakı illərdə isə mərhələli şəkildə azalaraq 2030-cu ildə 2,89 milyard manata enəcəyi gözlənilir.
Sənəddə qeyd olunan proqnozlar 1 ABŞ dollarının 1,7 manat məzənnəsi və 1 barel xam neftin 65 ABŞ dolları qiyməti əsas götürülməklə hazırlanıb.
Eyni zamanda, ortamüddətli dövr üzrə dövlət büdcəsinin gəlirlərinin 2027-ci ildə 39 milyard 254 milyon manat, 2028-ci ildə 39 milyard 478 milyon manat, 2029-cu ildə 39 milyard 936,9 milyon manat, 2030-cu ildə isə 40 milyard 577 milyon manat olacağı proqnozlaşdırılır.