Bakı. Trend:
ABŞ İranla bağlı sanksiya siyahılarına Kuba bankını, həmçinin daha 10 hüquqi və 16 fiziki şəxsi daxil edib. Bununla bağlı bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunub.
ABŞ Dövlət katibi Marko Rubionun xarici siyasət qurumunun mətbuat xidməti tərəfindən yayılan bəyanatına əsasən, Kubanın Banco Internacional de Comercio, S.A. bankı İranın maliyyə təşkilatlarına xidmət göstərdiyi iddiası ilə sanksiya siyahılarına daxil edilib. ABŞ-ın məhdudlaşdırıcı tədbirləri İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş hüquqi şəxslərə, o cümlədən İraqda fəaliyyət göstərən International Development Bank (IDB) bankına da şamil olunub. Sanksiya siyahılarına daxil edilən bütün fiziki şəxslər İran vətəndaşlarıdır.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi IDB-nin iştirakı ilə həyata keçirilən əməliyyatların başa çatdırılması üçün zəruri olan əməliyyatların oktyabrın 30-dək aparılmasına icazə verən ümumi lisenziya verib.
Sanksiya siyahısına daxil edilmə ABŞ ərazisindəki aktivlərin dondurulması, eləcə də ABŞ vətəndaşlarına və şirkətlərinə siyahıda yer alan şəxslər və qurumlarla işgüzar əlaqələr qurmağın qadağan edilməsi deməkdir.