Bakı.Trend:
İran müdafiə qabiliyyətini gücləndirir, hökumət tərəfdarlarını səfərbər edir və ABŞ-ni, eləcə də onun Fars körfəzindəki müttəfiqlərini daha genişmiqyaslı və sərt cavab zərbələri ilə hədələyir. Bununla da Tehran ABŞ Konqresinə aralıq seçkilərdən sonra mümkün Amerika zərbələrinə hazırlaşır və eyni zamanda bu zərbələrin qarşısını almağa çalışır.
Bu barədə "Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, İran rəsmiləri həm açıq bəyanatlarında, həm də region ölkələrinin nümayəndələri ilə qapalı danışıqlarda xəbərdarlıq edirlər ki, ABŞ-nin yeni zərbələri endiriləcəyi təqdirdə İslam Respublikası bütün Yaxın Şərq boyunca eskalasiyanı daha da gücləndirməklə cavab verəcək.
WSJ qeyd edib ki, peyk görüntüləri İranın nüvə kompleksləri və sərhədyanı ərazilər də daxil olmaqla, strateji əhəmiyyətli obyektlərin müdafiəsini gücləndirdiyini və onların mümkün hücumlara qarşı dayanıqlığını artırmağa çalışdığını göstərir. Eyni zamanda, hakimiyyət əhalini müharibənin yenidən başlamasına hazırlayır: hərbiləşdirilmiş birləşmələrin nümayəndələrini döyüş əməliyyatları barədə danışmaq üçün uşaq bağçalarına göndərir, səyyar zenit-raket komplekslərindən atəş açmaq üzrə təlim kurslarını reklam edir və kütləvi mitinqlər təşkil edir.
İranın müasir Amerika qırıcılarının, yüksəklikdə uçan bombardmançıların və qanadlı raketlərin hücumlarını dəf etmək imkanları son dərəcə məhduddur. Bu, Tehranın yeni hücumların qarşısını almaq məqsədilə Vaşinqtonu çəkindirmək üçün cavab tədbirləri ilə hədələməyə üstünlük verməsinə səbəb olur.
Döyüşkən ritorika, həmçinin cəmiyyətin diqqətini iqtisadi vəziyyətin sürətlə pisləşməsindən yayındırmağa imkan verir. ABŞ sanksiyaları sərtləşdirir və aviaşirkətlərə təzyiq göstərərək onların İrana uçuşları dayandırmasına nail olmağa çalışır. Bu isə ölkənin faktiki blokadasını daha da gücləndirir.