Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda perspektivli yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən təntənəli qəbulda deyib.
“SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır”, – deyə Cabbarov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Türkmənistanın enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əhəmiyyətli potensialı var.
Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı Xəzər dənizinin karbohidrogen ehtiyatlarının birgə işlənməsi məsələsinin müzakirəsini də əhatə edir. 2021-ci ilin yanvarında tərəflər “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzalayıblar. 2026-cı ilin iyununda SOCAR və Türkmənistan nümayəndələri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.
SOCAR oktyabrın 21–23-də Aşqabadda keçirilməsi planlaşdırılan “Türkmənistanın neft və qazı – 2026” (OGT 2026) beynəlxalq konfrans və sərgisinin baş tərəfdaşıdır. Tədbirin təşkilatçıları “Türkmənqaz” və “Türkmənnebit” dövlət konsernləri, “Türkməngeologiya” dövlət korporasiyası və "Turkmen Energy Forum"dur.
Konfransın əsas mövzuları arasında qaz yataqlarının mənimsənilməsi, Xəzər dənizində karbohidrogenlərin kəşfiyyatı və enerji sektoruna investisiyaların cəlb edilməsi yer alır.