Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabatda qeyd olunub ki, dövr ərzində əhalinin sərəncamda qalan gəlirlərinin artması ilə yanaşı, borc yükünün həmin gəlirlərdəki payında da yüksəlmə müşahidə olunub. Mərkəzi Bank əhalinin borc yükünün dinamikasını diqqətdə saxlayır.
Hesabat dövründə restrukturizasiya olunmuş kredit portfelinin ümumi kredit portfelində payı isə azalıb. Belə ki, 2026-cı ilin birinci yarısında restrukturizasiya olunmuş kreditlərin həcmi 3,3 faiz və ya 32 milyon manat artaraq 990 milyon manata çatıb.
Artım əsasən istehlak kreditləri üzrə qeydə alınıb. Bu portfel üzrə restrukturizasiya olunmuş kreditlərin həcmi 41 milyon manat artıb. İpoteka kreditləri üzrə isə əksinə, 13 milyon manat azalma müşahidə edilib. Biznes kreditləri üzrə restrukturizasiya olunmuş portfeldə ciddi dəyişiklik baş verməyib.
Nəticədə, restrukturizasiya olunmuş kreditlərin ümumi kredit portfelində payı 2025-ci ilin sonu ilə müqayisədə 0,1 faiz bəndi azalaraq 3,1 faiz təşkil edib.