Bakı. Trend:
Azərbaycanda qeyri-maliyyə sektorunda risklər ümumilikdə idarəolunan səviyyədədir. Bankların biznes kredit portfelində fərdi borcalanlar üzrə müəyyən risklər müşahidə olunsa da, iqtisadiyyatın heç bir sektoru bütövlükdə riskli kateqoriyaya aid edilməyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabata əsasən, 2025-ci ilin sonuna bank sektorunun biznes kredit portfeli 16,1 milyard manat təşkil edib. Fərdi maliyyə məlumatları toplanaraq təhlil edilən borcalanlar bu portfelin 55 faizini əhatə edib. AMB şirkətlərin borclanma səviyyəsini və faiz xərclərini qarşılamaq qabiliyyətini Moody’s reytinq metodologiyası əsasında qiymətləndirib.
Təhlillər göstərib ki, ayrı-ayrı şirkətlər üzrə risklər mövcud olsa da, qeyri-maliyyə sektorunda ümumi risk səviyyəsi idarəolunandır. Ticarət, emal sənayesi, nəqliyyat və mədənçıxarma sahələrinin dayanıqlığında müsbət dinamika qeydə alınıb. Bununla yanaşı, sektorlar üzrə mənfəətlilik göstəriciləri fərqlənib. Ötən illə müqayisədə nəqliyyat, informasiya və rabitə sahələrində mənfəətlilik artıb, bəzi digər sahələrdə isə xərclərin gəlirlərdən daha sürətlə artması mənfəətliliyin azalmasına səbəb olub.
Borclanma dinamikasına gəlincə, 2024-cü illə müqayisədə 2025-ci ildə ticarət və emal sektorlarında borclanma azalıb. Xidmət, kənd təsərrüfatı, nəqliyyat və informasiya-rabitə sahələrində isə artım müşahidə edilib.
Hesabatda biznes kreditləşməsinin iqtisadi fəallığın maliyyələşdirilməsində mühüm rol oynadığı vurğulanıb. Azərbaycanda biznes kredit portfeli illik müqayisədə 13,4 faiz artaraq ÜDM-in və qeyri-neft ÜDM-in nominal artım tempini üstələyib. Müqayisə olunan dövrdə ÜDM-in nominal artımı 5 faiz, qeyri-neft ÜDM-in nominal artımı isə 6,1 faiz təşkil edib.
Son bir ildə iqtisadiyyatın bütün sahələrinə verilən biznes kreditlərinin həcmi artıb. Ən yüksək artım tikinti, nəqliyyat, qeyri-istehsal və xidmət sahələrində qeydə alınıb. Biznes kredit portfelinin ÜDM-də payı 0,7 faiz bəndi artaraq 13,2 faizə çatıb. Kənd təsərrüfatı və sənaye istisna olmaqla, digər sahələrdə biznes kreditlərinin müvafiq sektorların ÜDM-dəki payı yüksəlib. Bu artımda, xüsusilə tikinti sektorunda kreditləşmənin genişlənməsi rol oynayıb.
2026-cı ilin iyun ayına olan məlumatlara görə, real sektora verilən kreditlərin təxminən beşdə biri investisiya məqsədlərinə yönəldilib. Biznes kredit portfelinin 21,6 faizi daşınmaz əmlakın alınması, tikintisi və yenidən qurulması, avadanlıqların alınması və digər investisiya xərclərinin maliyyələşdirilməsinə sərf olunub. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 0,6 faiz bəndi artıb. Hesabatda tikinti sektorunda əsas kapitala yönəldilən kreditlərin müsbət dinamikası da qeyd olunub.
Bununla yanaşı, biznes kredit portfelinin dollarlaşma səviyyəsi 2026-cı ildə 25 faizdən 27,6 faizə yüksəlib. AMB bu artımı əsasən tikinti sektorunda iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün məhdud sayda müştəriyə xarici valyutada verilən təminatlı kreditlərlə əlaqələndirib.
Biznes kreditləri üzrə qeyri-işlək kreditlərin (QİK) payı ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 3,2 faizə çatıb. Bununla belə, qeyri-işlək biznes kreditlərinin ehtiyatlarla örtülmə əmsalı 102 faiz təşkil edib. Bu göstərici bankların mümkün kredit itkilərinin qarşılanması üçün müvafiq ehtiyatlara malik olduğunu göstərir.
AMB real sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə biznes kreditləşməsini stimullaşdıran tədbirlər həyata keçirir. Bu çərçivədə ixracyönümlü bizneslər, kənd təsərrüfatı, mikro və kiçik sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə risklə ölçülən aktivlərə dair tənzimləyici yumşalmalar tətbiq olunur.
Hesabatda qeyd edilib ki, fərdi borcalanlar üzrə müəyyən risklərin artmasına baxmayaraq, biznes kredit portfelinin təhlili qeyri-maliyyə sektorunda risklərin ümumilikdə idarəolunan səviyyədə qaldığını və maliyyə sabitliyi üçün ümumi təhdid yaratmadığını göstərir.