Bakı. Trend:
ABŞ hərbçiləri İranın dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan kommersiya gəmisini Oman körfəzində hərəkətsiz vəziyyətə gətiriblər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ qırıcısı Panama bayrağı altında üzən M/V Ocean Molica (həmçinin Arika Sun adı ilə tanınır) yük gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib. Nəticədə gəminin mühərrik sistemi sıradan çıxarılıb, ekipaj üzvlərinə isə zərər dəyməyib. İri yük gəmisi daha əvvəl İran limanından çıxdıqdan sonra regionun ərazi sularından keçməyə cəhd edib”, – CENTCOM-un X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Komandanlığın məlumatına görə, iyulun ortalarında ABŞ-ın İrana qarşı dəniz blokadası bərpa edildikdən sonra ABŞ Silahlı Qüvvələri dörd kommersiya gəmisini hərəkətsiz vəziyyətə gətirib, daha 135 gəmini isə marşrutunu dəyişməyə məcbur edib.