Bakı.Trend:
Türkiyədə İstanbul şəhərinin Ataşehir rayon bələdiyyəsi hakim partiya olan "AK Parti"nin (AKP) nəzarətinə keçib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
CHP-nin idarə etdiyi Ataşehir bələdiyyəsində korrupsiya və qanun pozuntuları ilə bağlı araşdırmalar fonunda eləcə də, Bələdiyyə sədri Onursal Adıgüzelin həbsindən və daha sonra sədr müavini Murat Genşin saxlanılaraq vəzifədən kənarlaşdırılmasından sonra, İstanbul valiliyinin qərarı ilə Ataşehir Bələdiyyə Məclisində yeni sədr müavinini seçmək üçün səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən seçkidə Cümhur İttifaqı blokundan olan namizəd Serdar Orhan yeganə namizəd olub. CHP-li bələdiyyə məclisi üzvləri səsvermədə iştirak etməyib.
İlk iki turda Cümhur İttifaqının namizədi 18 səs alıb, iki bülleten isə boş olub. Səsvermədə ümumilikdə 38 üzvdən 20-si iştirak edib.
Seçkinin nəticələrinə əsasən, Serdar Orhan Ataşehir bələdiyyəsinin yeni sədr müavini seçilib.