Bakı.Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Asiya İnkişaf Bankı (AİB) “Xəzər yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını birgə dəstəkləyəcək.
Bu barədə AİİB-nin məlumatında deyilir.
Qeyd olunur ki, tədqiqatın ümumi maliyyələşdirmə həcmi 2 milyon dollar təşkil edəcək.
AİİB və Azərbaycan hökuməti ümumi məbləği 1,1 milyon dollar olan qrant sazişləri imzalayıb. Bildirilir ki, vəsait AİİB-nin dəstəyi ilə Çoxtərəfli İnkişaf Maliyyələşdirilməsi Əməkdaşlıq Mərkəzinin (MCDF) maliyyə mexanizmi vasitəsilə ayrılıb.
“1 milyon dollar məbləğində qrant “Xəzər yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birinci mərhələsinə yönəldilib. Əlavə olaraq, AİB texniki yardım üçün 1 milyon dollar ayıracaq.
Layihə Azərbaycanla Qazaxıstan arasında uzunluğu 400 kilometr olan sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutur. Özbəkistan dəhlizə quru elektrik şəbəkələri vasitəsilə qoşulacaq.
Tədqiqat çərçivəsində layihənin texniki, iqtisadi, maliyyə, ekoloji və sosial baxımdan məqsədəuyğunluğu qiymətləndiriləcək. Həmçinin elektrik enerjisinin ötürülməsi variantları və onun transsərhəd ticarəti imkanları araşdırılacaq”, – deyə bank bildirir.