Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri son bir neçə ay ərzində tankerlərlə Hörmüz boğazından 1,25 milyard bareldən çox neftin daşınmasını təmin edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Son bir neçə ay ərzində ABŞ qüvvələri Fars körfəzi regionundakı tərəfdaşlardan 1,25 milyard bareldən çox xam neftin Hörmüz boğazı vasitəsilə daşınmasını təmin edib. Eyni zamanda, ABŞ tərəfindən İran limanlarına tətbiq edilən sərt blokada səbəbindən İran heç bir neft tədarükü həyata keçirə bilməyib”, - deyə komandanlığın məlumatında bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, bir gün əvvəl Mərkəzi Komandanlıq virtual müşavirə zamanı dəniz daşımaları sahəsində fəaliyyət göstərən beynəlxalq tərəfdaşları Hörmüz boğazındakı vəziyyət barədə məlumatlandırıb. Bildirilir ki, “sənaye nümayəndələri kommersiya daşımalarının həcminin artması fonunda gəmiçiliyin azadlığının təmin edilməsinin getdikcə daha böyük əhəmiyyət daşıdığını vurğulayıblar”.