Bakı.Trend:
İndiyədək hərbi-tibb baş idarəsində 328 nəfər itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi Rüfət Əliyev cümə axşamı İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, insanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar, itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələr əldə etmək və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub.
İtkin düşmüş şəxslərin axtarışı ilə yanaşı hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil. Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yenidəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik ekspertiza qurumlarına ehtiyac getdikcə artır.
Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həmdə təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub”,- deyə o bildirib.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.