Bakı.Trend:
Özəl Sektor üzrə Məşvərət Şurasının (Private Sector Advisory Council, PSAC) yaradılması Orta Dəhlizin səmərəliliyini artıra bilər.
Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) özəl sektorun Transxəzər Nəqliyyat Dəhlizinin potensialının üzə çıxarılmasındakı roluna həsr olunmuş nəşrində bildirilib.
Nəşrə əsasən, PSAC-ın yaradılması ilə bağlı tövsiyə Dünya Bankının Transxəzər Nəqliyyat Dəhlizinə həsr olunmuş yeni əsas hesabatında yer alıb. Qeyd olunub ki, şura problemləri müəyyənləşdirmək və müvafiq islahatlar hazırlamaq üçün özəl sektorun, dövlət qurumlarının və dəhliz istifadəçilərinin nümayəndələrini vahid platformada bir araya gətirməyi nəzərdə tutur.
"Orta Dəhlizi necə daha səmərəli etmək olar? Ondan istifadə edən şirkətlərin fikirlərini dinləmək lazımdır.
Özəl sektor üzrə məşvərət şuraları biznes nümayəndələrini, dövlət qurumlarını və dəhliz istifadəçilərini bir araya gətirərək problemlər üzərində birgə işləmək və müvafiq islahatlar hazırlamaq məqsədi daşıyır", - deyə IFC-nin baş əməliyyat mütəxəssisi Sakşi Varma bildirib.
KENKO Logistics şirkətinin quru daşımaları üzrə qlobal rəhbəri Martin Vetmann qeyd edib ki, belə koordinasiyanın təmin edilməsi üçün hökumətlərarası əməkdaşlıq zəruridir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.