Bakı. Trend:
"Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Təhsilverənlərin geyiminə dair ümumi tələblərə görə, təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Bu Tələblərin 2.1-ci bəndi nəzərə alınmaqla təhsilverənlər üçün aşağıdakı geyimlər müəyyən edilir:
Kişi təhsilverənlər üçün sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar), uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək, təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet, klassik ayaqqabı.
Qadın təhsilverənlər üçün sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don), uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don, uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta, klassik ayaqqabı.
Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.
Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.