Bakı. Trend:
Orta Dəhlizin inkişafı üçün Xəzər dənizində əlavə limanların yaradılmasına deyil, mövcud limanların imkanlarının artırılmasına, eləcə də dəhliz boyunca koordinasiyanın və əməliyyat səmərəliliyinin yüksəldilməsinə ehtiyac var.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Hamburg Port Consulting” (HPC) şirkətinin Avropa üzrə vitse-prezidenti Frank Busse çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Onun sözlərinə görə, Xəzər regionunda Azərbaycan Dəmir Yolları, Bakı Limanı, “Rhenus”, “Silk Way” kimi nəqliyyat və logistika şirkətləri Orta Dəhliz üzrə daşımaların inkişafında maraqlıdır.
“Bizim maliyyəmiz, rəqəmsallaşma üçün texnologiyamız və bu proseslə bağlı məlumatlılığımız var. Bizə lazım olan əsas məsələ icradır. Dəhliz boyunca davamlı artım, etibarlı və sabit inkişaf təmin edilməlidir”, – deyə F. Busse bildirib.
HPC nümayəndəsi qeyd edib ki, hazırkı mərhələdə Xəzər dənizində əlavə limanların tikintisinə ehtiyac görmür.
“Xəzər dənizində əlavə limanlara ehtiyacımız yoxdur. Lakin mövcud limanlar Orta Dəhlizin Şimal Dəhlizi ilə müqayisədə olan müəyyən çatışmazlıqlarını kompensasiya etməlidir”, – deyə o vurğulayıb.
F. Busse bildirib ki, Şimal Dəhlizi vaxtilə 1,5 milyon konteynerə qədər yük daşıyıb. Orta Dəhlizdə isə müxtəlif limanlarda və dəmir yolu sistemlərində yaranan fasilələr, o cümlədən dəmir yolu relslərinin müxtəlif standartlarda olması kimi amillər mövcuddur.
“Bunlar yüksək məhsuldarlığa malik dəmir yolları və limanlarla kompensasiya edilməlidir. Bakı Limanının inkişaf planları barədə eşitdik. Eyni inkişaf hər bir limanda baş verməli və bütün bunlar koordinasiyalı şəkildə həyata keçirilməlidir”, – deyə şirkət rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Aktau, Kurık və Türkmənbaşı limanlarının inkişafı da Bakı Limanının inkişafı ilə uyğunlaşdırılmalıdır. Eyni zamanda, Qara dənizdəki limanlar və Türkiyə üzərindən dəmir yolu bağlantıları da dəhlizin ümumi inkişafında nəzərə alınmalıdır.
“İnkişaf yaxşıdır, lakin o, koordinasiyalı olmalıdır. Hesab edirəm ki, müzakirələrdən çıxan əsas nəticələrdən biri də budur”, – deyə o əlavə edib.
HPC nümayəndəsi bildirib ki, Orta Dəhliz boyunca böyük həcmdə investisiyalar planlaşdırılır. Onun sözlərinə görə, dəhliz üzrə nəzərdə tutulan investisiyaların ümumi həcmi milyardlarla avro təşkil edir.
“Hamı buna hazırdır, hər kəs irəliləmək istəyir. Sadəcə, bunu həyata keçirməliyik. Hazırda dəhliz boyunca fəal şəkildə çalışan cəmi bir neçə iri logistika şirkəti var və hesab edirəm ki, onların sayı daha çox ola bilər”, – deyə o bildirib.
F. Busse əlavə edib ki, Orta Dəhlizin inkişafı hazırda logistika və liman sənayesində ciddi maraq yaradıb.
“Biz Almaniyada liman və dəmir yolu terminallarının inkişafı üzrə ixtisaslaşmış, təxminən 100 nəfərlik konsaltinq şirkətiyik. Hazırda Orta Dəhliz boyunca layihələrin hazırlanması ilə bağlı, demək olar ki, hər həftə müraciətlər alırıq. Bunlar terminal inkişafından avadanlıqların satın alınmasına, İT sistemlərinin hazırlanmasına qədər müxtəlif sahələri əhatə edir”, – deyə o qeyd edib.
HPC nümayəndəsinin sözlərinə görə, Gürcüstanda da Orta Dəhlizin yaratdığı imkanlarla bağlı kompleks proqram təminatı layihəsi hazırlanıb.
“Hazırda Orta Dəhlizlə bağlı bir dinamika və fürsət yaranıb. Düşünürəm ki, biz bundan davamlı, məqsədyönlü və koordinasiyalı şəkildə istifadə etməliyik”, – deyə F. Busse vurğulayıb.