Bakı. Trend:
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı hazırlanan qanun layihəsində institusional müdafiə və maliyyə stimulu amilləri nəzərə alınıb.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, orta güc statusunda qəbul olunan Azərbaycanın həyata keçirdiyi daxili siyasət də bu fəaliyyətin bir istiqaməti kimi dəyərləndirilməlidir.
“Orta gücdə adicə onun beynəlxalq münasibətlər sistemində mövqeyi və digər faktorlar ilk önə gəlir. Amma güclü institusional dayağın yaradılması, dövlət daxilində sosial müdafiə məsələləri, şəffaflıq, hesabatlılığın olması da orta gücü gücləndirən faktorlardandır”, - deyə R.Nəbiyev qeyd edib.
Onun sözlərinə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsinə beynəlxalq təcrübə baxımından yanaşmaq mümkündür.
R.Nəbiyev bildirib ki, Almaniyada məlumat verən şəxslər üçün maliyyə stimulu nəzərdə tutulmur və burada əsas diqqət güclü institusional müdafiəyə yönəldilir.
“Almaniyada ümumiyyətlə maliyyə stimulu yoxdur. Yəni bunlarda yalnız güclü institusional müdafiə var. Məlumat verən şəxs, bu onun vəzifəsi hesab olunur, dövlətini gücləndirməsi və s. Amma burada dəymiş ziyanın kompensasiyası məsələsi var”, - deyə deputat bildirib.
O qeyd edib ki, Almaniyanın yanaşması digər ölkələrdən müəyyən qədər fərqlənir. Belə ki, özəl fəaliyyətdə mükafatlandırma mexanizmi tətbiq edilmir və dövlət də bunu ön plana çıxarmır.
Deputat ABŞ-də isə vəziyyətin fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkədə ilk növbədə, maliyyə stimulu məsələsi ön plana çıxır və bu yanaşma ABŞ-nin özünüidarə sistemi ilə də əlaqəli ola bilər.
R.Nəbiyev Cənubi Koreya modelində isə hər iki yanaşmanın tətbiq edildiyini bildirib. O qeyd edib ki, burada həm güclü institusional müdafiə, həm də maliyyə stimulu mövcuddur.
“Bizim qanunvericilik layihəsi də elə bunun hər ikisini özündə əks etdirir. Layihə çağırışlar nəzərə alınmaqla, beynəlxalq təcrübədən çıxış etməklə hazırlanıb”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, qanun layihəsində təklif olunan məbləğə başqa formada yanaşmaq da mümkündür.
R.Nəbiyev bildirib ki, bu tipli qanun layihələri hazırlanarkən ümumi institusional yanaşma baxımından üç əsas müstəvi nəzərə alınır: institusional müdafiənin təşkili, hüquqi müdafiə və maliyyə stimulu.
“Mən ümumi o institusional yanaşmanın vurğulanmasını istəyirəm ki, bu tipli qanun layihələri hazırlananda üç müstəvidə yanaşma ortaya qoyulur: institusional müdafiənin təşkili, hüquqi müdafiə məsələsi, bir də maliyyə stimulu məsələsi”, - deyə o bildirib.
Deputat hesab edir ki, təqdim olunan qanun layihəsi hazırkı şəraitdə bu faktorlar nəzərə alınmaqla hazırlanıb.
“Hazırda Azərbaycan cəmiyyətinin reallıqlarını da nəzərə almaq lazımdır. Bəzən o ictimai qınaq sonra daha böyük fəlakətlərə aparıb çıxarır”, - R.Nəbiyev qeyd edib.
O bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsinin sonu yoxdur və bu məsələyə gələcəkdə də müəyyən şəraitlərdə yenidən baxmaq mümkündür.
Deputat əlavə edib ki, alman yanaşmasının müəyyən elementlərinin tətbiqi dövlətin, müəssisələrin və şəxslərin daha böyük fəlakətlərdən qorunmasına imkan yarada bilər.
“Əslində, bəlkə də alman avropalı yanaşmasını tətbiq etsək, dövlətimizi də, həmin müəssisəni də, şəxsləri də böyük fəlakətdən qorumaq imkanı var”, - deyə R.Nəbiyev bildirib.