Bakı.Trend:
VNG AG Azərbaycandan qaz idxalının həcmini artırmaq niyyətindədir.
Trend-in müxbiri xəbər verir ki, bu barədə VNG AG şirkətinin baş vitse-prezidenti, Korporativ İnkişaf Departamentinin rəhbəri, VNG AG-nin nümayəndəliyinin rəhbəri Oliver Hill çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında bildirib.
Onun sözlərinə görə, VNG AG və SOCAR bir neçə gün əvvəl uzunmüddətli tərəfdaşlıq haqqında razılığa gəliblər. Bu tərəfdaşlıq həm təbii qazın Avropaya tədarükü, həm də enerji keçidi sahəsində əməkdaşlığı nəzərdə tutur.
“Əməkdaşlıq qısamüddətli və uzunmüddətli komponentləri əhatə edir. Qısamüddətli hissə Avropanın enerji ilə, o cümlədən təbii qazla təmin edilməsindən ibarətdir. Uzunmüddətli hissə isə, əlbəttə ki, enerji biznesinin bu gün istifadə olunan qalıq yanacaq əsaslı enerjidən karbonsuzlaşdırılmış dünyaya transformasiyasını nəzərdə tutur”, - deyə o bildirib.
Hill qeyd edib ki, şirkət cari ilin əvvəlindən Azərbaycandan qaz idxal edir.
“İlkin mərhələdə bunlar nisbətən kiçik həcmlərdir, bu, ilk addımdır. Biz həmin həcmləri artırmaq istərdik. Bu, məqsədlərimizdən biridir və əməkdaşlığımızın əsas istiqamətlərindən biridir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə tərəflər Avropa ilə Azərbaycan arasında enerji transformasiyasını da inkişaf etdirmək niyyətindədirlər.
“Bu, uzunmüddətli karbonsuzlaşdırma baxımından bağlantı deməkdir”, - Hill izah edib.
O həmçinin bildirib ki, şirkət Azərbaycan üçün 15-20 illik dövrü əhatə edən uzunmüddətli tədarükün təmin edilməsinə açıqdır.
“Bizim ideyamız ondan ibarətdir ki, Azərbaycan, ola bilsin, öz ehtiyacları üçün bərpa olunan enerji mənbələrinə daha çox investisiya yatırsın. Bununla da təbii qazın ixrac həcmlərini sərbəst buraxaraq Avropaya yönəldə, bundan gəlir əldə edə və daha sonra Azərbaycanda infrastruktura investisiya qoymaq imkanlarına sahib ola, həmçinin uzunmüddətli perspektivdə Avropaya, məsələn, hidrogen və ya biometan tədarükünü inkişaf etdirə bilər”, - Hill deyə bildirib.