Bakı. Trend:
Layihələrin texniki, institusional və mühəndislik baxımından zəruri komponentləri təmin edildikdən sonra çoxtərəfli inkişaf bankları (MDB), xüsusilə AYİB, uzunmüddətli maliyyələşmənin cəlb olunmasına iki əsas istiqamətdə dəstək göstərə bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) direktor müavini, baş bankiri Real Hacıyev çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, ticarətin maliyyələşdirilməsi proqramları qısamüddətli maliyyə ehtiyaclarının qarşılanması üçün əlverişlidir, uzunmüddətli maliyyələşmədə isə ilk növbədə layihələrin texniki, institusional və mühəndislik baxımından dayanıqlı olması vacibdir.
"Birinci istiqamət risklərin azaldılmasıdır. Bu, qarışıq maliyyələşmə (blended finance), ilk zərər zəmanətləri (first-loss guarantee) və müəyyən meyarlara cavab verən, standart tələblərdən kənara çıxan layihələr üçün investisiya qrantları vasitəsilə həyata keçirilə bilər", - deyə R.Hacıyev qeyd edib.
AYİB rəsmisinin sözlərinə görə, ikinci mühüm istiqamət digər ölkələrdə və maliyyə mərkəzlərində mövcud olan uzunmüddətli kapitalın müxtəlif mexanizmlər vasitəsilə Azərbaycana yönəldilməsidir.
"Burada A və B kreditləri, sindikasiya və digər maliyyə alətləri kimi mexanizmlərdən istifadə etmək mümkündür. Kapital xaricdədir və hesab edirəm ki, investisiya layihələri də Azərbaycanda mövcuddur. Əsas məsələ bunları bir-biri ilə əlaqələndirməkdir", - deyə o bildirib.
R.Hacıyev vurğulayıb ki, məhz bu baxımdan MDB-lər beynəlxalq kapital ilə Azərbaycandakı investisiya layihələri arasında körpü rolunu oynaya bilər.
"MDB-lər bu iki tərəf arasında körpü rolunu oynaya bilər. Məqsəd xaricdəki uzunmüddətli kapitalı Azərbaycandakı bankolunan investisiya layihələri ilə əlaqələndirməkdir", - deyə AYİB rəsmisi əlavə edib.