Bakı. Trend:
Sentyabrın 23-dən “Bakı Metropoliteni”nin “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq pulsuz olub. Xətlərin ayrılması layihəsi çərçivəsində tətbiq edilən bu qərar Abşeron və Qaradağ istiqamətlərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdırmaq, vaxt və yol xərclərini azaltmaq məqsədi daşıyır.
Bununla yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Avtovağzal” metrostansiyasının qarşısından Bakı–Sumqayıt yoluna birbaşa çıxış üçün yeni avtobus zolağı təşkil edib. Nəticədə avtobusların əvvəllər qət etdiyi əlavə 1,1 kilometrlik yol təxminən 100 metrə enib. Sərnişinlərin metroya pulsuz giriş imkanından yararlanması üçün Sumqayıt, Xırdalan və ətraf qəsəbələrdən gələn əlavə 16 avtobus marşrutu da stansiya yaxınlığındakı dayanacağa yönləndirilib.
Bəs metroya ödənişsiz girişdən sonra “Şamaxinka” və “20 Yanvar” ərazilərində tıxaclar azalıbmı? Bu addım metroda və avtobuslarda sərnişin sıxlığına necə təsir edib? İctimai nəqliyyatın yükünün bölüşdürülməsində hansı dəyişikliklər müşahidə olunur?
“Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ödənişsiz girişin tətbiqindən sonra sərnişin axınlarında baş verən dəyişikliklər, o cümlədən digər metro stansiyalarına və yerüstü nəqliyyata mümkün təsirlər izlənilir.
Qeyd olunub ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay sonuna qədər ümumilikdə 120 336 sərnişin istifadə edib.
"İlkin mərhələdə “Xocəsən” və “Avtovağzal” stansiyalarında sərnişin girişlərinin dinamikası ilə yanaşı, digər metro stansiyalarında və alternativ yerüstü nəqliyyat marşrutlarında sərnişin sayındakı dəyişikliklər də müqayisə edilir.
Lakin hazırda müşahidə dövrü nisbətən qısa olduğundan, ödənişsiz girişin digər stansiyalarda və ya yerüstü nəqliyyatda sıxlığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur. Qiymətləndirmə zamanı əvvəlki dövrlərin göstəriciləri, həftənin eyni günləri və sərnişin axınına təsir edə biləcək digər amillər də nəzərə alınır. Müşahidələr davam etdirilir. Daha uzunmüddətli məlumatlar toplandıqdan sonra ödənişsiz girişin sərnişin axınlarının bölüşdürülməsinə və nəqliyyat yüklənməsinə təsiri barədə daha dəqiq nəticə əldə etmək mümkün olacaq”, – deyə qurumdan bildirilib.
Nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin pulsuz olması “Şamaxinka”dakı tıxac probleminin həlli ilə birbaşa bağlı deyil. Onun sözlərinə görə, bu addım metro xətlərinin ayrılması ilə əlaqədar yaranmış vəziyyəti yumşaltmağa yönəlib və müəyyən təsir göstərib.
Ekspertin fikrincə, “Şamaxinka”dakı problemin həlli Bakı–Sumqayıt yolunun həmin ərazidə köklü şəkildə yenidən qurulmasını və kompleks yanaşma tələb edir.
“Tıxac problemini həll etmək üçün Bakı–Sumqayıt yolu tamamilə başqa formada yenidən qurulmalıdır. Digər həll yollarının səmərəli olacağını düşünmürəm. Müvəqqəti həll yolları heç vaxt nəticə verməyib və verməyəcək”, – deyə E.Muradlı bildirib.
O əlavə edib ki, problemin kökündən həlli üçün daimi tədbirlər üzərində işləmək lazımdır. Ekspertin sözlərinə görə, həmin əraziyə kompleks yanaşma tələb olunur və dövlət proqramında nəzərdə tutulan həll yollarına uyğun hərəkət edilməlidir. E.Muradlı bunun qısa müddətdə həll edilə biləcək məsələ olmadığını vurğulayıb.