Bakı.Trend:
Yarandığı ilk gündən Yeni Azərbaycan Partiyası cəmiyyətin arzu və istəklərini nəzərə alaraq Azərbaycan xalqının milli maraqlarının həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atıb, Azərbaycanın milli maraqlarını əsas prioritet kimi müəyyənləşdirib.
Bunu barədə Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın olduqca çətin bir dönəmində hakimiyyətə gələrkən Yeni Azərbaycan Partiyası da cəmiyyətin təşkilatlanmasında yaxından iştirak edib.
"Bu baxımdan da illər ərzində siyasi dəst-xətt dəyişməmiş, əsas amal ölkəmizin daha da güclənməsi istiqamətində olub.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsinin özü isə tarixi bir hadisədir. Çünki ilk dəfə idi ki, sayca səkkizinci olan qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Bu reallıq sadəcə Azərbaycan xalqının milli maraqlarının təmin olunması istiqamətində deyil, bütövlükdə Cənubi Qafqazın yeni imicinin formalaşdırılması istiqamətində qurulub.
Prezident İlham Əliyev hər çıxışında qələbəni şəhidlərə borclu olduğumuzu bildirir. Bu isə ondan xəbər verir ki, Prezident İlham Əliyev xalqına dəyər verir, Azərbaycanın öz reallığını özü yaratdığını bir daha diqqətə çatdırır. Bu baxımdan da Azərbaycanın Zəfərini kölgələndirmək, bunda pay sahibi görmək istəyən qüvvələrin planları baş tutmayacaq. Qələbəmizi təmin edən əsas amillərdən biri ondan ibarətdir ki, biz xalq olaraq bir yumruq kimi birləşməyi bacardıq. Vaxt var idi, hərbi cinayətkarlar, separatçı qüvvələr, onların himayədarları Azərbaycanın dövlət olaraq legitimliyini şübhə altına alan addımlar atmaq istəyirdilər. Bunu sübut edən amillərdən biri ondan ibarətdir ki, Azərbaycanla Ermənistanı deyil, qondarma respublikanı bir aktor kimi üz-üzə qoymaq istəyirdilər. Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən və təmkinli davranaraq bütün bu oyunların üzərindən xətt çəkdi", - deyə o bildirib.
Ş.Həsənova əlavə edib ki, zamanında Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bugünkü reallıqlardan danışmaqdan tamamilə uzaq olardıq.
"Odur ki, uzaqgörənliklə strateji qərarlar qəbul edərək zamanında “Əsrin müqaviləsi”nin imzalanması bugünkü reallığımızın əsası oldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dönəmdə Azərbaycan xalqının maraqlarını nəzərə alaraq addımlar atması sadəcə erməni millətçilərini deyil, erməni millətçilərinə havadarlıq edənləri də yaxından narahat edirdi. Təəssüflər olsun ki, daxili çəkişmələrin olması da Azərbaycanı geri salırdı. Lakin Ümummilli Lider Heydər Əliyev heç bir halda qətiyyətindən və əzmkarlığından dönmədi.
Məhz Ulu Öndər Heydər Əliyevin reallığı görməsi, siyasi konyukturanı düzgün qiymətləndirməsi sadəcə erməni millətçilərini deyil, keçmiş imperiyada bəzi insanları olduqca dərindən narahat edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevdən çəkinmək onların planlarının qarşısını alırdı. Bu gün Azərbaycan eyni qətiyyətlə, dəst-xətlə davam edir. Bizim dəst-xəttimiz Ulu Öndərimiz Heydər Əliyev ideallarının daha da möhkəmləndirilməsi, bu idealların gələcək nəsillərə möhkəm əsaslarla çatdırılmasıdır.
Xarici siyasətdə müxtəlif kombinasiyalar olsa da, taktiki, hətta bəzən strateji hədəflər dəyişdirilsə də, milli maraqlarımızdan uzaq düşməməyimiz, müstəqil siyasət yürütməyimiz, həmçinin Prezident İlham Əliyevin hər bir addımına və qərarına göstərdiyimiz dəstək Azərbaycanı bu gün daha da güclü edir", - deyə politoloq vurğulayıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hər bir xalq öz tarixini çox yaxşı bilməlidir, çünki biz keçmişi bilməsək, gələcəklə bağlı düzgün nəticə çıxara bilmərik.
O qeyd edib ki, fakt ondan ibarətdir ki, Azərbaycan bayrağının məhz Qarabağda ucaldılması Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və prezidentliyi dövründə, onun sərkərdəliyi nəticəsində baş tutdu
“Bu yola gəlmək asan olmayıb və əldə olunan qələbə uzunmüddətli, bacarıqlı daxili və xarici siyasətin nəticəsidir. buna qədər də məlumdur ki, Azərbaycan hansı keşməkeşli yolları keçibdir.
Vaxtilə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 1990-cı illərin əvvəllərində Azərbaycana gələrək həmin dövrdə Azərbaycanı xilas etdi. Azərbaycan bir sıra çağırışlarla, təkcə Qarabağda ermənilər tərəfindən yaradılan problemlərlə deyil, eyni zamanda digər ciddi məsələlərlə də üz-üzə idi. Belə çətin bir dövrdə məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün çox vacib idi.
Ulu Öndər Heydər Əliyev bugünkü daxili və xarici siyasətin əsasını qoydu və onun apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bildi”, - deyə o bildirib.
Z.Məmmədov vurğulayıb ki, dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin və onun siyasi xəttinin bu gün davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
“Bu, olduqca vacib məsələdir və əlbəttə ki, dövlət quruculuğu işində Ulu Öndərin apardığı siyasət, onun siyasi xəttinin bu gün davam etdirilməsi çox vacibdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev torpaqları işğaldan azad edəndə ata vəsiyyətini yerinə yetirdiyini xüsusilə vurğuladı və Fəxri xiyabanı ziyarət etdi”, - deyə politoloq əlavə edib.
O bildirib ki, bütün bunlar hər kəsin yaddaşında qalmalı, Azərbaycanın liderlərinin fəaliyyəti düzgün qiymətləndirilməlidir.
“Ulu Öndər Heydər Əliyev tərəfindən başlanan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın nicat yolu budur. Azərbaycanın müstəqilliyi və suverenliyi məhz bu siyasət nəticəsində mümkün oldu”, - deyə Z.Məmmədov qeyd edib.

