Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-də Çinin xeyrinə casusluqda ittiham olunan qadını həbs edib.
Bu barədə ABŞ hakimiyyət orqanları məlumat yayıb.
Kaliforniyanın Mərkəzi Dairəsi üzrə federal prokurorun birinci müavini Bill Essayli "X" sosial şəbəkəsində bildirib ki, 34 yaşlı Vanyin Çjan gizli agent olmaqda və ABŞ-də Tayvan rəsmilərindən birinin ətrafındakı şəxsləri Pekinin xeyrinə izləməkdə ittiham olunur.
“Çjan 2025-ci ildə Sietlə səfər edib və Çin rəsmilərinin göstərişi ilə Tayvan hökumətinin bir rəsmisinə çox yaxın olan şəxsi izləyib, fotoşəkilləri, videoları və avtomobil dövlət nömrə nişanı barədə məlumatları Pekindəki həmin rəsmilərə göndərib”, – deyə o qeyd edib.
FTB direktoru Kaş Patel "X" sosial şəbəkəsində bu həbsi alqışlayıb: “ABŞ ərazisində xarici liderin ailəsini Çin Xalq Respublikasının xeyrinə izləmək və sonra Şanxaya qayıtmaq üçün təyyarəyə minməyə cəhd etmək? Bu baş verməyəcək”.
“Xarici rəqiblər, bunu yaxşı yadda saxlayın: Amerika artıq casusluq əməliyyatlarınızı həyata keçirmək üçün təhlükəsiz məkan deyil”, – deyə o bildirib.
Kaliforniyanın İrvayn şəhərində yaşayan Vanyin Çjan bu gün federal məhkəmə qarşısına çıxmalıdır.