Bakı. Trend:
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
Azərbaycan Ordusunun sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan işğalından azad edilib.
Döyüşlərin ilk günündə Azərbaycan Ordusu cəbhə xəttini yararaq düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun bir çox kəndi işğaldan azad olunub. Oktyabrın 4-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edildiyini elan edib.
Prezident müraciətində bildirib ki, oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad da işğaldan azad edilib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun canlı qüvvəsinin və hərbi texnikasının əhəmiyyətli hissəsi məhv edilib. Oktyabrın 4-ü tarixə Cəbrayılın işğaldan azad edildiyi gün kimi düşüb.
Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən, şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü elan edilib.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə ermənilər Cəbrayıl şəhərini və kəndləri dağıdıb, mədəni, tarixi və dini abidələri, qəbiristanlıqları məhv edib, ekoloji terror törədiblər.