Bakı. Trend:
Almaniyanın qərbində yerləşən kiçik Heydenau şəhərinin bələdiyyə şurası ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası və Xristian Demokrat İttifaqının (CDU) birgə təqdim etdiyi, nasizm qurbanlarının xatirəsinə həsr olunmuş "Ştolperştayn" daşlarının quraşdırılmasını qadağan edən qətnaməni qəbul edib. Almaniyanın qərbində, Saksoniya əyalətində yerləşən bu kiçik şəhərdə hazırda beş belə daş var.
Ölkənin hər yerində rast gəlinən bu kiçik daşlar nasizm qurbanlarının (yəhudilər, siyasi müxaliflər, əlillər və digərləri) sonuncu yaşadığı evin qarşısındakı səkiyə döşənir və ictimai məkanda bir növ memorial təşkil edir. Bu ənənənin əsası 1990-cı illərdə qoyulub. Bu daşlara cavabdeh fondun məlumatına görə, Almaniyada 105 min, dünyada isə 125 min belə daş var. Məhz buna görə də AfD ilə CDU arasında əldə olunan razılaşmadan sonra qəbul edilən bu qərar böyük əks-səda doğurub.
10x10 santimetr ölçüsündə olan bu kiçik daşların üzərində latun lövhəyə nasist rejiminin qurbanının adı, doğum və ölüm tarixləri həkk olunur. Almaniya tarixinin bu qaranlıq dövrünü hər gün xatırladan bu daşlar Heydenau bələdiyyə şurası tərəfindən “uyğunsuz” hesab edilib. Bunu AfD fraksiyasının sədri Daniel Bartel bildirib.
“Biz həmişə bu daşları layiq olmayan anım forması hesab etmişik”, – deyə o bildirib. – “İnsanlar bilərəkdən və ya bilmədən onların üzərinə basa bilərlər. Çirk və zibillər onların üzərinə düşür”.
“Misal üçün, Drezdendə xatirə daşları yaşıllıq ərazilərinin yaxınlığında quraşdırılıb, itlər oradan keçir, təsəvvür edə bilərsiniz... Bundan əlavə, zibil konteynerləri və tullantı qutuları da onların üzərinə qoyulur”, – deyə o əlavə edib.
Almaniyanın hər yerində xatirə daşları üzərindəki yazılara nəzarət edən tarixçi Andreas Ulman bu arqumenti əsassız hesab edir.
“Bu qadağanın AfD-nin güclənməsi ilə açıq şəkildə əlaqəsi var”, – deyə o bildirib.
“İdeoloji baxımdan AfD milli sosializm qurbanlarının xatirəsinin qorunmasına yönəlmiş yaddaş mədəniyyətini dəstəkləyən partiya deyil. Əksinə, bu, məhz buna qarşı fəaliyyət göstərən partiyadır”, - deyə Andreas Ulman bildirib.
O əlavə edib: “Bu, həqiqətən də ciddi dönüş nöqtəsidir. Bildiyimə görə, Almaniyada belə bir qərar daha əvvəl qəbul edilməyib. Bu barədə məlumat əldə edəndə əvvəlcə çaşqınlıq yaşadım, sonra isə şoka düşdüm”.
93 yaşlı Holokostdan sağ çıxmış, Münhen Yəhudi İcmasının prezidenti və Almaniyada geniş tanınan ictimai xadim Şarlotta Knoblox da öz növbəsində bu qərarı “nəhəng səhv” adlandırıb. CDU-nu hədəfə alan Knoblox “demokratik bir partiyanın AfD-nin ekstremistlərinin bu qədər açıq manevrini dəstəkləyə bilməsindən dəhşətə gəldiyini” bildirib.
Qeyd edək ki, Avropada belə daşların olmadığı yeganə paytaxt Parisdir. Fondun 2012-ci ildən etibarən onların quraşdırılmasını tələb etməsinə baxmayaraq, Paris bələdiyyəsi hesab edir ki, bu, “şəhər haqqında mənfi təsəvvür yarada bilər”.