Bakı. Trend:
Hörmüz boğazından çıxarkən neft tankeri “naməlum mərmi ilə” vurulub.
Bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə UKMTO agentliyi məlumat yayıb.
Məlumata görə, hücum “gəmidə ilkin yanğına və elektrik enerjisinin kəsilməsinə səbəb olub”. Agentlik yanğının artıq söndürüldüyünü, hücum nəticəsində “heç kimin xəsarət almadığını” və “ətraf mühitə heç bir zərər dəymədiyini” bildirib. Daha sonra gəmi hərəkətini bərpa edə bilib. Agentlik gəminin mənsub olduğu ölkə, habelə yola düşdüyü və təyinat limanları barədə məlumat verməyib.
Müharibədən əvvəl dünya üzrə karbohidrogenlərin beşdə birinin daşındığı Hörmüz boğazı ABŞ və İsrailin fevralın sonunda İrana zərbələr endirməklə başlatdığı münaqişənin mərkəzində yer alır.
İran İslam Respublikası boğaz üzərində nəzarəti öz üzərinə götürdüyünü bəyan edib və dəniz nəqliyyatını böyük ölçüdə iflic edib. Buna cavab olaraq Vaşinqton İran limanlarına blokada tətbiq edir.
Son həftələrdə bölgədə nisbi sakitlik müşahidə olunur - Hörmüz boğazında gəmilərin mütəmadi olaraq hücumlara məruz qalmasına baxmayaraq, ABŞ sentyabrın 1-dən etibarən İrana zərbə endirməyib.