Bakı. Trend:
“flydubai” aviaşirkətinin Təl-Əvivə uçan təyyarəsində kapitanın bıçaqlanmasından sonra təyyarənin qəzaya uğramasının qarşısını almağa kömək edən israilli sərnişin hadisə zamanı nə etməli olduğunu təyyarə qəzaları ilə bağlı televiziya verilişinə baxdıqdan sonra bildiyini deyib.
"Reuters"in məlumatına görə, 50 yaşlı Yaniv Hayun daha üç israilli sərnişinlə birlikdə “flydubai”nin FZ1073 reysinin kapitanını bıçaqlayan köməkçi pilotu zərərsizləşdirib və daha sonra təyyarəni düzəltmək üçün idarəetmə sükanını yuxarı çəkib.
Hayun bildirib ki, hücum barədə qadın sərnişinin “bıçaqlama” deyə qışqırmasından sonra xəbər tutublar. Onun sözlərinə görə, həmin vaxt o, kabinəyə qaçıb. Bu zaman təyyarə aşağı doğru enməyə başlayıb.
Hayun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib ki, pilotlardan biri yaralanaraq yerdə qalıb, digəri isə təyyarəni idarə edib. O, başqa bir sərnişinlə birlikdə hücum edəni tutaraq zərərsizləşdirdiklərini deyib.
Hadisədən sonra Hayun təyyarənin idarəetmə sükanını yuxarı çəkərək onu düzəldib. Daha sonra sərnişinlərin britaniyalı olduğunu bildirdiyi Ceyms adlı digər pilot idarəetməni ələ alıb və təyyarə Səudiyyə Ərəbistanında təhlükəsiz eniş edib.
Hayun nə etməli olduğunu necə bildiyi barədə suala “Mən “Air Crash Investigation” verilişinə baxıram, cənab Baş nazir”, - deyə cavab verib.
İsrail Prezidenti İsxak Hersoq Hayun, Tsvika Manes, onun həyat yoldaşı Tali, həkim Şota Musayev və Asaf Rajuanı Mülki Qəhrəmanlıq üzrə Prezident mükafatına namizəd göstərəcəyini bildirib.