Xocavənd. Trend:
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin yekun mərhələsi keçirilib.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, təlimdə döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə müxtəlif döyüş tapşırıqları icra olunub.
Təlimin gedişini izləyən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirakçılar qarşısında çıxış edib. Nazir bu cür təlimlərin orduların inkişafında rolundan danışıb, şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri xüsusi qeyd edib.
Ssenariyə əsasən, iştirakçılar hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə yerinə yetiriblər.
Şərti terrorçuların dağlardakı bazalarına, ön mövqelərinə, atəş vasitələrinə, texnikasına və ehtiyatlarına raket-artilleriya, aviasiya vasitələri və PUA-larla kütləvi atəş basqını icra olunub. Ardınca yandankeçmə dəstələri döyüş mövqelərinin dövrələnməsi və ələ keçirilməsi üzrə tapşırıqları yerinə yetirərək əsas qüvvələrin əməliyyata cəlb edilməsinə əlverişli şərait yaradıblar.
Növbəti mərhələdə hərbi obyektlərə və texnika kolonuna PUA zərbələrinin qarşısının alınması, pusuda olan şərti terrorçu qrupunun məhv edilməsi, yaşayış məntəqəsinin bloklanması, terrorçulardan təmizlənməsi və nəzarətə götürülməsi nümayiş etdirilib.
Bölmələr yaralıların hava və yerüstü nəqliyyatla tibbi təxliyəsi, humanitar minatəmizləmə, mina sahələrindən, dağıntılardan və tank əleyhinə xəndəklərdən keçidlərin açılması, eləcə də körpünün qurulması üzrə tapşırıqları icra ediblər. Sürü dronlarla hədəflərə və şərti düşmənin yaxınlaşan kolonlarına zərbələr endirilib.
Təlimin müxtəlif bölgələrdə keçirilən epizodları qonaqlar tərəfindən iriölçülü monitorlar vasitəsilə onlayn izlənilib. Dəniz sərhədlərinin mühafizəsi, gəmiyə PUA hücumunun qarşısının alınması, şərti terrorçuların ələ keçirdiyi dəniz özülünün, gəminin və girovların azad edilməsi, adaya dəniz desantının çıxarılması üzrə tapşırıqlar da təqdim olunub.
Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimi keçirilib və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, sentyabrın 21-dən oktyabrın 1-dək keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin əsas məqsədləri ordular arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin olunmasıdır.






