Bakı.Trend:
Qazaxıstan və Azərbaycan eyni vaxtda 120-dək dəmir yolu vaqonu daşıya biləcək bərələrin inşası layihəsini nəzərdən keçirir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsi sədrinin müavini Kasım Tlepov cümə axşamı Dünya Bankı Qrupunun onlayn formatda keçirilən “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda tədbiri zamanı bildirib.
Tlepovun sözlərinə görə, hazırda Qazaxıstan və Azərbaycan arasında daşımalar üçün istifadə olunan bərələr xeyli az sayda vaqon daşıya bildiyindən qatarların tərkibini bölmək lazım gəlir.
“Hazırda bərə daşımalarını həyata keçirən “ASCO”nun bərələri maksimum 44 vaqon götürə bilir. Buna görə də qatarın tərkibi bölünür: Kurıkda 44 vaqon yüklənir və Ələtə gətirilir. Daha sonra növbəti bərə Kurıka gedərək orada qalan 15-20 vaqonu götürür. Bu 44 vaqon isə Ələtdə gözləyir və nəticədə səmərəlilik aşağı düşür”, - deyə o bildirib.
Tlepov qeyd edib ki, Qazaxıstan və Azərbaycan eyni vaxtda iki qatar tərkibini daşımağa imkan verəcək yeni bərələrin tikintisi imkanını nəzərdən keçirir.
“Hazırda belə bir anlaşmaya gəlmişik ki, Xəzər dənizi bizi ayıran deyil, məhz birləşdirən körpü olmalıdır. Azərbaycanlı həmkarlarımızla birlikdə hazırda eyni vaxtda 120 dəmir yolu vaqonunu daşıya biləcək bərələrin tikintisi layihəsini işləyib hazırlayırıq. Yəni iki qatar tərkibi eyni anda götürüləcək. Bu, fasiləsiz daşımaları təmin etməyə, limanlarda yükləmə-boşaltma prosesinin müddətini əhəmiyyətli dərəcədə, demək olar ki, üç dəfə azaltmağa imkan verəcək. Ümumilikdə bu, bütün marşrut üzrə çatdırılma sürətinə təsir göstərəcək”, - deyə o bildirib.
Tlepovun sözlərinə görə, Qazaxıstan həmçinin maliyyə lizinqi proqramı hesabına dəniz daşımalarında özəl biznesin iştirakını genişləndirmək niyyətindədir.
“Hazırda maliyyə lizinqi proqramının tətbiqi ilə biznesimizə güzəştli kreditlər təqdim etmək və dəniz daşımalarının həyata keçirilməsi üçün gəmilərin alınmasına investisiya qoymaq imkanı yaradırıq. Yəni artıq təkcə iki milli şirkət - “Kazmortransflot” və Azərbaycanın “ASCO” şirkəti daşımaları həyata keçirməyəcək, özəl biznes də konteyner daşımalarını həyata keçirə biləcək. Biz onlara bu imkanı yaratmaq istəyirik”, - deyə Tlepov vurğulayıb.