Bakı. Trend:
Milli Məclis “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu ratifikasiya edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol 2001-ci il noyabrın 8-də Strasburq şəhərində imzalanıb. Protokol 1959-cu il 20 aprel tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müddəalarının təkmilləşdirilməsinə və cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə xidmət edir.
Protokolla qarşılıqlı hüquqi yardımın tətbiq dairəsi genişləndirilir, yardım haqqında sorğuların verilməsi və icrası qaydaları dəqiqləşdirilir, dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa əlaqə və elektron kommunikasiya imkanları nəzərdə tutulur. Həmçinin şahid və ekspertlərin videokonfrans ve telefon konfransı vasitəsilə dindirilməsi, sorğu olmadan məlumatların ötürülməsi, həbsdə olan şəxslərin müvəqqəti verilməsi, şahidlərin müdafiəsi, müvəqqəti tədbirlərin görülmesi, konfidensiallığın və fərdi məlumatların qorunması məsələləri tənzimlənir.
Eyni zamanda prosessual sənədlərin və məhkəmə qərarlarının təqdim edilməsi, transsərhəd müşahidə, nəzarətli göndəriş, gizli istintaq və birgə istintaq qruplarının yaradılması kimi əməkdaşlıq mexanizmləri Protokolda müəyyən edilir.
Azərbaycan Respublikasının Protokolu müvafiq qeyd-şərti və bəyanatlarla təsdiq etməsi nəzərdə tutulur.
Belə ki, Protokolun 33-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Protokolun 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci maddələrinin müddəalarını tətbiq etməmək hüququnu özündə saxlayır. Həmin maddeler prosessual sənədlərin və məhkəmə qərarlarının poçt vasitəsilə təqdim edilməsini, transsərhəd müşahidəni, nəzarətli göndərişi, gizli istintaqı və birgə istintaq qruplarını tənzimləyir.
Azərbaycan Respublikasının bəyanatlarına əsasən, qarşılıqlı hüquqi yardım haqqında müvafiq sorğular və digər yazışmalar üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mərkəzi orqanlar kimi müəyyən edilir. Elektron və ya digər telekommunikasiya vasitələri ilə göndərilən sorğuların əsli sonradan yazılı şəkildə təqdim edilməlidir.
Protokola əsasən Konvensiyanın məqsədləri üçün rayon (şəhər) məhkəmələri, ağır cinayətlər məhkəmələri, apellyasiya instansiyası məhkəmələri və Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmə orqanları hesab ediləcək.
Bununla yanaşı, Azərbaycan Respublikası sorğu olmadan ötürülən məlumatlardan istifadə şərtləri, həbsdə olan şəxsin müvəqqəti verilməsi zamanı onun razılığının alınması, habelə fərdi məlumatların ötürülməsi və istifadəsi ilə bağlı müvafiq təminatlanın tətbiqinə dair bəyanatlar verir.
Həmçinin bəyan edilir ki, münaqişənin nəticələri tamamilə aradan qaldırılana ve Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Protokolun müddəaları Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Bütövlükdə, İkinci Əlavə Protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım mexanizmlərinin müasirləşdirilməsinə, Tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın daha çevik və operativ həyata keçirilməsinə, habelə müasir kommunikasiya və prosessual imkanlardan istifadə edilməsinə xidmət edir. Eyni zamanda, Protokolda yardımın göstərilməsi zamanı milli qanunvericiliyin əsas prinsiplərinin, şəxslərin hüquqlarının, konfidensiallığın və fərdi məlumatların qorunmasının təmin edilmesine yönəlmiş müvafiq təminatlar nəzərdə tutulur.
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.