Bakı.Trend:
Fransada yuxarı sinif şagirlərinin iştirakı ilə keçirilən etiraz aksiyaları və baş verən iğtişaşlarda 76 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə ölkənin milli təhsil naziri Eduar Cefre RTL radiosunun efirində bildirib.
“Məni narahat edən etirazların özü və şagirdlərin tələbləri deyil. Nümayiş keçirmək hüququ fundamental azadlıqdır. Lakin zorakılıq belə deyil. Etirazlar başlayandan bəri 76 nəfərin xəsarət alması barədə məlumatımız var – onların arasında həm şagirdlər, həm də təhsil müəssisələrinin əməkdaşları var”, – deyə o bildirib.
Nazir nümunə olaraq pirotexniki vasitənin partlaması nəticəsində əlindən ağır xəsarət alan şagirdin misalını çəkib. Bununla yanaşı, bir sıra KİV-lər nümayişçilərin etirazçıları sakitləşdirməyə və ya onların yandırdığı tonqalları söndürməyə çalışan müəllimlərə və digər təhsil müəssisəsi əməkdaşlarına hücum etdiyini bildirib.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə paytaxt regionu olan İl-de-Fransda başlayıb. Aksiya iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.