Bakı.Trend:
Niderlandda müvafiq qaydaların genişləndirilməsindən sonra ilk dəfə bir yaşdan 12 yaşadək uşağın həyatının dayandırılması proseduru tətbiq edilib. Uşaq öldüyü zaman təxminən iki yaşında olub. Hadisə 2025-ci ildə baş verib, lakin təfərrüatlar xüsusi komissiyanın 2026-cı ilin sentyabrında dərc etdiyi rəydən sonra məlum olub.
Bu barədə Niderlan KİV-ləri yazır.
Uşaq həddindən artıq erkən doğulub və doğuşdan qısa müddət sonra sepsis keçirib. Dörd aylıq olarkən həkimlər onda beynin genişmiqyaslı zədələnməsini müəyyən ediblər. Daha sonra uşaqda ağır serebral iflic və epilepsiya aşkarlanıb.
Bundan əlavə, uşağın tənəffüs yollarını bəlğəmdən təmizləməsində ciddi problemlər olub. Bu isə təngnəfəsliyə səbəb olub və respirator infeksiyaların yaranması riskini əhəmiyyətli dərəcədə artırıb.
Dərc olunmuş rəyə əsasən, uşağın həyatı boyu vəziyyətində hər hansı yaxşılaşma və ya inkişaf müşahidə edilməyib. Həkimlər vəziyyətin yaxşılaşacağına dair perspektivin olmadığı qənaətinə gəliblər. Bundan sonra valideynlər müalicə həkiminə müraciət edərək uşağın həyatının dayandırılmasını xahiş ediblər.
Prosedur Niderlandda qüvvədə olan xüsusi qaydalar çərçivəsində həyata keçirilib. 2024-cü ildə ölkə müstəsna dərəcədə ağır vəziyyətdə olan, ümidsiz və aradan qaldırıla bilməyən əzablar çəkən bir yaşdan 12 yaşadək uşaqların da həyatının dayandırılmasına imkan verən qaydaları genişləndirib. Əvvəllər bu yaş kateqoriyası faktiki olaraq müvafiq tənzimləmənin əhatə dairəsinə daxil deyildi.
Uşağın adı, cinsi və ailəsi barədə məlumat açıqlanmır.