Bakı. Trend:
“ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, bilik və təcrübə mübadiləsi, mövcud hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi və perspektivlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, sərgi təhlükəsizlik məsələlərinin texniki həll yollarının müzakirəsi, hərbi sənaye kompleksinin müxtəlif sahələrində tətbiq olunan müasir müdafiə texnologiyaları ilə tanışlıq baxımından xüsusi əhəmiyyətə malik platformadır.
Z.Həsənov qeyd edib ki, müdafiə sənayesinin inkişafına müsbət təsir göstərən belə sərgilər iştirakçı dövlətlərin istehsal etdiyi yeni məhsulların dünya bazarına çıxışına geniş imkan yaradır.
Nazir bildirib ki, Azərbaycan artıq güclü müdafiə sənayesi potensialına malikdir. Onun sözlərinə görə, ölkənin hərbi zavodlarında müasir texnologiyaların tətbiqi ilə dünya bazarında rəqabət qabiliyyətinə malik mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul istehsal olunur. Bununla yanaşı, döyüş maşınlarının, aviasiya vasitələrinin və digər hərbi texnikanın təmiri və modernləşdirilməsi həyata keçirilir.
Z.Həsənovun sözlərinə görə, “ADEX-2026” sərgisində təmsil olunan ölkələrin sayının ildən-ilə artması tədbirin bir çox dövlətlərin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən beynəlxalq platformaya çevrildiyini göstərir. O bildirib ki, bu, eyni zamanda Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirir və sərgi beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurların göstəricilərindən biridir.
Müdafiə naziri qeyd edib ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı və ordunun silahlanmasında yüksək texnologiyaların tətbiqi nəticəsində Silahlı Qüvvələrin arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.
O bildirib ki, sərginin keçirildiyi günlərdə iştirakçı ölkələrin nümayəndələri və qonaqlar arasında aparılacaq görüşlər və müzakirələr hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradacaq.