Bakı. Trend:
Planlaşdırılan infrastruktur investisiyalarının həyata keçirilməsi və avadanlıqların genişləndirilməsi ilə 2040-cı ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə arta bilər.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı hesabatında deyilir.
Proqnozlara görə, Xəzər dənizi üzərindən ümumi yükdaşımaların həcmi 2023-cü ildəki 8,8 milyon tondan 2040-cı ilədək təxminən 3,6 dəfə artaraq 32,1 milyon tona çata bilər.
“Hesablamalara görə, dəhlizin əsas giriş və çıxış məntəqələrini əhatə edən şərq qapısından yükdaşımaların həcmi təxminən 3,7 dəfə - 28,5 milyon tondan 105,7 milyon tona qədər artacaq.
Qərb qapısından yükdaşımaların həcmi 2023-cü ildəki 12,1 milyon tondan 2040-cı ilədək təxminən 35 milyon tona qədər arta bilər. Neft və neft məhsulları istisna edildikdə, yükdaşımaların həcminin proqnozlaşdırılan artımı daha əhəmiyyətli olacaq.
Belə ki, Xəzər hissəsində qeyri-neft yüklərinin həcmi təxminən 4,5 dəfə, şərq qapısında 4,1 dəfə, qərb qapısında isə 5,1 dəfə arta bilər. Bu, dəhlizin ticarətin qeyri-enerji yükləri istiqamətində şaxələndirilməsini dəstəkləmək potensialını əks etdirir”, - deyə hesabatda qeyd olunur.
Qeyd edilir ki, yüklərin tərkibi də Orta Dəhlizin müxtəlif hissələrində fərqlənir.
“Şərq qapısı metallar, maşınlar, kimyəvi məhsullar və avadanlıqlar da daxil olmaqla daha geniş çeşiddə mallara xidmət göstərir.
Bununla yanaşı, Xəzər hissəsi və qərb qapısı üzrə axınlar hələ də neft və digər mallar üzərində daha çox cəmləşməsi ilə xarakterizə olunur”, - deyə bank bildirir.