Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə İstisu qəsəbəsində növbəti səyyar qəbul keçirib.
RİH-dən verilən məlumata görə, tədbirdə İstisu inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak ediblər.
Görüş Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırdıqları bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər, həmçinin müxtəlif sosial xarakterli problemlərlə bağlı müraciətlərini səsləndiriblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələləri diqqətlə dinləyib, qaldırılan problemlər ətrafında geniş müzakirələr aparıb. Müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri ilə bağlı isə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.























