Bakı. Trend:
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin və bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Anım Günü ilə əlaqədar “Azərxalça” ASC-nin Qazax, Qarabağ, İsmayıllı, Kürdəmir və Nardaran emalatxanalarında geniş tədbirlər keçirilib. Tədbirlərdə emalatxanaların toxucuları və digər əməkdaşları ilə yanaşı, “Azərxalça” ASC-də çalışan müharibə iştirakçıları, onların yaxın qohumları və şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə vurğulanıb ki, Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biridir, şəhidlərimiz və qazilərimiz isə xalqımızın qürur mənbəyidir. Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Azərbaycan Ordusunun əsgər və zabitləri, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması və çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib. Tədbirlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə daim yüksək ehtiram göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin müalicəsi və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxladığı vurğulanıb.
Sentyabrın 27-də “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvləri və kollektivi Zəfər parkını da ziyarət edib. Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.










