Bakı.Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) tədricən müntəzəm birbaşa beynəlxalq yükdaşımaların mühüm istiqamətinə çevrilib.
Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Yuy Hunçi deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə keçən Çin-Avropa sürətli dəmir yolu daşımalarının cənub marşrutu dinamik şəkildə inkişaf edir və hazırda qatarların gündəlik hərəkəti təmin olunub.
Yuy Hunçi qeyd edib ki, 2021-ci ildə 436 qatar yola salınıb ki, bu da əvvəlki illə müqayisədə 20 dəfə çoxdur.
“Bu ilin iyunun 15-nə olan məlumata görə, 740-dan çox qatar yola salınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz çoxdur. Eyni zamanda, göstərici sutkada iki qatarı ötür”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizi üzərindən daşımalar həm Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə, həm də Türkmənbaşı limanından fəal istifadə edilməklə həyata keçirilə bilər.
“Eyni zamanda, Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan marşrutu üzrə beynəlxalq avtomobil və multimodal daşımalar da daxil olmaqla, yeni nəqliyyat arteriyalarının yaradılması üzərində iş aparılır”, - deyə Yuy Hunçi bildirib.
O qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu tədricən müntəzəm birbaşa beynəlxalq yükdaşımaların mühüm istiqamətinə çevrilib.
“Məsafənin bu cür inkişafı Çin və bu marşrut boyunca yerləşən ölkələr arasında əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsinin nəticəsidir”, - deyə müşavir bildirib.
Onun sözlərinə görə, Çin artıq Qazaxıstan, Azərbaycan və Gürcüstanla müvafiq sənədlər, o cümlədən Çin-Avropa sürətli daşımaları çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə əməkdaşlığa dair sənədlər imzalayıb.