Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin bütün uçuşlarını ABŞ-nin İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalara uyğunlaşmaq məqsədilə növbəti bildirişədək dayandırıb.
Əmirliklərin hakimiyyət orqanları “növbəti bildirişədək İran aviaşirkətləri tərəfindən BƏƏ-yə və BƏƏ-dən həyata keçirilən bütün uçuşların dayandırılması” barədə göstəriş verildiyini təsdiqləyib.
BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi bu qərarı “İran aviaşirkətlərinə dünya üzrə hava limanlarından istifadə etməyə mane olan ABŞ sanksiyalarının tətbiqi” ilə əlaqədar qəbul edib.
Bu barədə BƏƏ-nin rəsmi WAM xəbər agentliyində yayımlanan bəyanatda bildirilib.
ABŞ sentyabrın əvvəlində İranın bütün aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib və onlara yardım göstərən xarici şirkətlərə qarşı sərt tədbirlər görəcəyini bəyan edib. Şirkətlərdən sentyabrın 23-dək sanksiyalara uyğunlaşmaları, məsələn, İran təyyarələrinə aviasiya yanacağı doldurulmasını dayandırmaları tələb olunurdu. ABŞ embarqosuna əməl etməyən şirkətlər də öz növbəsində qara siyahıya salınmaq və bununla da dollarla işləyən maliyyə sistemindən kənarlaşdırılmaq təhlükəsi ilə üzləşirlər.
Sanksiyaların qüvvəyə mindiyi sentyabrın 23-dən etibarən İranın əsas aviaşirkətləri qonşu ölkələrin hava məkanına girişlə bağlı məhdudiyyətlər tətbiq etməsindən sonra beynəlxalq uçuşlarını ləğv etməyə məcbur olublar. Dubay İran aviaşirkətləri üçün Yaxın Şərqdə ən mühüm istiqamət olub və İrandan bu şəhərə gündə bir neçə reys həyata keçirilib. Avropa, Asiya və Afrika ilə hava əlaqələri təklif edən Dubay hava limanı İranlı sərnişinlər üçün tez-tez tranzit məntəqəsi, iş adamları üçün isə son təyinat yeri kimi istifadə olunub.
İranla qonşu olan Türkmənistan da İran təyyarələrinin enişinə icazə verməyən ölkələr siyahısına qoşulub. Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Axavan “İsna” agentliyinə bildirib: “Türkmənistan İran aviaşirkətlərinə öz hava məkanından uçmağa icazə vermədiyinə görə Tehran–Düşənbə (Tacikistan – red.) reysi təyinat məntəqəsinə enə bilməyib və Tehrandakı İmam Xomeyni hava limanına qayıtmalı olub.”
Sanksiyalara baxmayaraq, kiçik İran aviaşirkətləri, xüsusilə ABŞ-nin təzyiqlərinə boyun əyməkdən imtina edən Çin, eləcə də Ermənistan istiqamətində xarici uçuşları davam etdirirlər. İranda təxminən 30 aviaşirkət fəaliyyət göstərir və onların əksəriyyəti daxili və ya transsərhəd reyslər həyata keçirir. “İran Air” milli aviadaşıyıcı, “Mahan” isə özəl şirkət olmaqla ölkənin iki əsas aviaşirkətidir.