Bakı. Trend:
Bank sektorunda konsolidasiya prosesləri sektorun maliyyə dayanıqlığının və effektivliyinin artırılmasına töhfə verə bilər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, Mərkəzi Bank bu kimi əməliyyatları qiymətləndirərkən, əsas diqqəti konsolidasiya nəticəsində formalaşan bankın kapital və likvidlik mövqeyinə, aktivlərin keyfiyyətinə, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə, eləcə də prudensial tələblərə davamlı uyğunluğuna yönəldir: "Eyni zamanda, belə əməliyyatların bütövlükdə bank sektorunun dayanıqlığına və sistem risklərinə mümkün təsirləri nəzərə alınır. Ümumilikdə, Mərkəzi Bank üçün əsas diqqət konsolidasiya proseslərinin maliyyə sabitliyinə xələl gətirməməsi, bankların sağlam və dayanıqlı fəaliyyətinin təmin edilməsi, eləcə də bank xidmətləri bazarında səmərəli rəqabət mühitinin qorunmasına yönəldilir".
Məlumatda vurğulanıb ki, bankların konsolidasiya ilə bağlı qərarları, ilk növbədə, onların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır: "Mərkəzi Bankın rolu belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün hər hansı konsolidasiya prosesi qanunvericiliyə uyğun olaraq yalnız Mərkəzi Bankın razılığı tələb edilən mərhələyə çatdıqda, Mərkəzi Bank tərəfindən məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir".
Bildirilib ki, bank sektorunda mümkün konsolidasiya proseslərində Mərkəzi Bankın əsas prioriteti maliyyə sabitliyinin qorunması, bankların dayanıqlığının gücləndirilməsi və sağlam rəqabət mühitinin saxlanılmasıdır.
"Konsolidasiya nəticəsində ayrı-ayrı bankların bazar payının artması sistem əhəmiyyətinin və risk konsentrasiyasının yüksəlməsinə səbəb ola biləcəyi nəzərə alınaraq, belə proseslərin maliyyə sabitliyinə mümkün təsirləri diqqətdə saxlanılır. Mərkəzi Bankın makroprudensial siyasətinin məqsədi sistem risklərinin akkumulyasiyasının qarşısının alınması və maliyyə sisteminin şoklara qarşı dayanıqlığının gücləndirilməsidir", - məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 11-də "Bank Respublika" və "AccessBank"ın səhmdarları "Bank Respublika" tərəfindən "AccessBank"ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabrınadək tamamlanması planlaşdırılır.
Əqd çərçivəsində "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edəcəklər.
Səhmlərin satın alınmasından sonra hər iki bank ilkin mərhələdə ayrıca fəaliyyət göstərəcək. Bankların sonradan vahid bankda birləşdirilməsi isə müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Sövdələşmənin nəticəsində formalaşacaq bankın aktivlərinin ümumi həcminin 4,5 milyard manat, kredit portfelinin isə 3,3 milyard manat olacağı bildirilir.