Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “Süni İntellekt Qüvvələri” (AI Force) adlı yeni strukturun yaradılmasını açıqlayıb, həmçinin yaxın gələcəkdə süni intellekt üzrə “çar” (AI Czar) təyin etmək niyyətində olduğunu bildirib.
Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
“Bu illər ərzində radikal solçu demokratlar tərəfindən ölkəmizi məhv etmək məqsədilə təşkil edilmiş çoxsaylı mistifikasiyalar olub. “Rusiya, Rusiya, Rusiya”, “Ukrayna, Ukrayna, Ukrayna”, qlobal istiləşmə, birinci impiçment, ikinci impiçment, qadın idmanında kişilər, hamı üçün transgenderlik, indi isə süni intellekt kimi tanınan İİ-nin məhdudlaşdırılması və ya məhv edilməsi. Mən isə ABŞ Prezidenti kimi bunun baş verməsinə imkan verməyəcəyəm.
Hər şey bizim məlumat emalı mərkəzlərimizə qarşı hücumlarla başladı, insanlar onların tikildiyi icmalar üçün nə qədər zənginlik və nüfuz gətirdiyini dərk edənə qədər. Daha yüksək maaşlar, daha aşağı vergilər və daha təhlükəsiz küçələr – nəticə belə oldu. Buna görə də məlumat emalı mərkəzlərinə qarşı bu çılğın kampaniya böyük ölçüdə uğursuzluğa düçar oldu. İndi isə onlar birbaşa İİ-yə qarşı çıxırlar – eynilə “qlobal istiləşmə” termininin “iqlim dəyişikliyi” ilə əvəz edilməsi kimi. Çünki bu anlayış daha geniş “şübhə ərazisini” əhatə edir.
Biz heç bir halda bu inanılmaz sənayenin inkişafına mane olmayacaq və ya onu məhdudlaşdırmayacağıq. Əksinə, biz onu dəyərləndirəcək, ona kömək edəcək və inkişaf etdikcə ona nəzarət edəcəyik!
Lakin biz pis olanı da müəyyən edəcəyik və bunu artıq mövcud olan cinayət və mülki ədliyyə sistemimizin köməyi ilə çox asanlıqla edə bilərik. Bu məqsədlə mən “Süni İntellekt Qüvvələri”ni (AI Force) yaradıram. Eynilə, ilk prezidentlik müddətimdə böyük uğur qazanan Kosmik Qüvvələri (Space Force) yaratdığım kimi.
Bununla əlaqədar olaraq yaxın gələcəkdə İİ üzrə “çar”ı (AI Czar) elan edəcəyəm – bu vəzifəyə yalnız yüksək intellekt əmsalına malik şəxslər müraciət edə bilər!
İİ növbəti sənaye inqilabı və ya internetdir, lakin daha böyük miqyasda olacaq və daha əhəmiyyətli təsir göstərəcək. Ola bilsin ki, ölkəmizin ÜDM-nin 25 faizinə qədərini təşkil etsin.
Biz Çin və dünyanın qalan hissəsini qabaqlayırıq və mən bu mövqeyi qoruyub saxlamaq niyyətindəyəm!”, - deyə Trampın Truth Social sosial şəbəkəsindəki paylaşımında qeyd olunur.